“Alstom Transport” Azərbaycan üçün istehsal etdiyi 40-cı yük lokomotivini təhvil verib

“Alstom Transport” Azərbaycan üçün istehsal etdiyi 40-cı yük lokomotivini təhvil verib.

Şirkət müqavilə əsasında Azərbaycanın dəmir yolları üçün istehsal etdiyi son iki “ Prima T8 AZ8A” yük lokomotivini təqdim edib.

HTML tutorial

Bu münasibətlə təşkil edilən tədbir çərçivəsində iştirakçılar üçün lokomotivlərin istehsal olunduğu zavoda ekskursiya təşkil edilib.

Layihənin əhəmiyyətindən danışan “Elektovoz yığma zavodu”nun (ЭКЗ-электровоз құрастыру зауыты) Baş direktoru Kristian Martinati əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün mümkün istiqamətlərə diqqət çəkib. Azərbaycan Dəmir Yolları ilə siqnalizasiya layihələri və lokomotiv parkına texniki xidmətin təşkili sahəsində birgə işin mümkünlüyünü deyib.

“Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Kanat Alpısbayev bildirib ki, pandemiya şəraitinin meydana gətirdiyi bütün çətinliklərə baxmayaraq, layihənin reallaşdırılmasına nail olunub. O, yeni lokomotivlərin yüklərin intesiv, təhlükəsiz və rahat şəkildə daşınmasında faydalı olacağını, həmçinin TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tranzit potensialının artırılması məqsədinin gerçəkləşdirilməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı görülən tədbirlərdən danışıb. Diplomat iqtisadi ticarət əlaqələrinin inkişafında beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığın intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəhbəri Natəvan Bayramova iştirakçılara Cəmiyyət sədri Cavid Qurbanovun məktubunu çatdırıb. “Bu layihə nəqliyyat sisteminin səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradacaq. Sərnişin lokomotivlərinin hamısı, yük lokomotivlərindən isə 37-si artıq ölkəyə çatdırılıb. 38-ci lokomotiv nəql olunmaq üzrədir. Sonuncu 2 lokomotivin yekun sınaqları həyata keçirilib və yaxın günlərdə ölkəyə çatdırılacaq.”-deyə məktubda qeyd olunur.

Məlumat üçün bildirək ki, lokomotivlərin ilkin mərhələdə Şərq-Qərb nəqliyyat dəhlizinin Bakı-Böyük Kəsik və dəyişən cərəyana keçirilməsi planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizinin Biləcəri-Yalama hissələrində istismar olunması nəzərdə tutulur. Alınmış yük lokomotivlərinin istismarı ilə daşınacaq yük qatarlarının orta çəkisi 4 500 tona qədər artırılacaq ki, bu da da yük daşımaya cəlb olunan lokomotiv sayı və əlavə manevr işlərini azaldacaq.

Dəyişən cərəyanla işləyən 40 ədəd yeni yük Az8A lokomotivi Qazaxıstan Respublikasında, 10 ədəd ikisistemli sərnişin Az4A lokomotivi isə Fransada istehsal edilmişdir.

Prima T8 (AZ8A) dünyanın ən güclü lokomotivlərindən biridir. Bu lokomotivlər yüklərin uzun məsafələrə daşınması zamanı maksimal rahatlıq və təhlükəsizliyi təmin edir. Saatda 120 km-ə qədər sürətlə hərəkət edə bilən Prima T8 (AZ8A) lokomotivi 9000 tona qədər yükdaşıma gücünə malikdir.

Gununsesi.info