

“Ömürlük həbs cəzasına məhkum olunan şəxslər ən azından 35 il cəza çəkdikdən sonra azadlığa çıxa bilər”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Milli Məclisdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Müzakirələr zamanı səslənən tıkliflərə münasibətini bildirən V.İsayev bildirib ki, bir sıra təkliflər nəzərə alınacaq: “Ancaq burada şəxsin cinayət törətdiyi halda Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı təklif səsləndi. Biz bunu nəzərə ala biməyəcəyik. Çünki mövcud Cinayət Məcəlləsində şəxsin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı cəza nəzərdə tutan müddəa yoxdur. Şəxsüin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı ancaq Miqrasiya Məcəlləsində nəzərdə tutulur. Əgər bir şəxs hansısa xarici ölkədə qeyri-qanuni olaraq hərbi birliklərdə döyüşübsə və yaxud terror təşkilatları tərkibində olubsa, bu şəxsin vətəndaşlıqdan məhrum edilməsi məsələsi Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Ona görə də bu təklifin Cinayət Məcəlləsinə salınması təklifi mümkün deyil”.
Narkotik maddələrlə bağlı alternativ cəzanın seçilməsi və ya cəzadan azad edilməsi ilə bağlı səslənən fikirlərə mövqeyini açıqlayan V.İsayev deyib ki, narkotik maddə gəzdirən şəxsin heç də hamısı nakotikdən asılılıq xəstəsi deyil: “Üzərində narkotik maddə gəzdirən xəstə olmayan şəxslər də var. Əgər bu xəstə deyilsə, niyə görə narkotik maddə əldə edərək üzərində gəzdirir? Odur ki, bu məsələyə yanaşmada fərqli baxışlar var. Ona görə də 234-cü maddənin tamamilə aradan qaldırılması mümkün deyil”.
Alternativ cəzaların seçilməsinə gəldikdə isə V.İsayev bildirib ki, alternativ cəza tətbiq etmədən ölkədə məhbusların başqa cür sayının azaldılması mükün deyil. Külli miqdarda vurulan ziyana görə cəzalarla bağlı müzakirələrdə səslənən fikirlərə gəldikdə isə V.İsayev deyib ki, külli mkiqdarda ziyan dedikdə bu beş yüz mindən artıq ziyan nəzərdə tutulur.
V.İsayev deyib ki, ümumiyyətlə müzakirələrdə səslənən fikirlər nəzərə alınacaq.
Mürtəza
Gununsesi.info