“Altılı Masa” vahid namizədlə çıxsa da Ərdoğan daha şanslıdır - AZƏRBAYCANLI DEPUTAT

  • By admin
  • 27 Yanvar 2023 17:09

Türkiyədə prezident seçkilərinin vaxtının elan olunması qardaş ölkədə siyasi ehtirasların bir anda qızışmasına səbəb olub.

Artıq ölkənin əsas siyasi qüvvələrinin cəmləşdiyi “Altılı Masa” vahid namizəd müzakirələrinə başlayıb.

HTML tutorial

Bununla bağlı xəbərdə o da bildirilir ki, fevral ayında müxalifət vahid namizədini elan edəcək.

Bəzi müşahidəçilər hesab edir ki, ölkənin əsas siyasi qüvvələri vahid namizədlə seçkiyə gedərsə, bu Ərdoğanın məğlubiyyəti ilə nəticələnə bilər.

Bəs görəsən, qardaş ölkədəki proseslərə Azərbaycandan baxış necədir?

 

Milli Məclisin deputatı Cavid Osmanov Gununsesi.info-ya açıqlamasında bildirib ki, qardaş ölkədə seçki ab -havası hər zaman bu cür olur: “Türkiyə çoxpartiyalı ölkədir. Uzun illər parlamentli respublika olub. Ona görə də hər bir seçki Türkiyə həyatında xüsusi iz qoyur. Bu dəfəki seçkilər də belə olacaq. Ölkədə azad seçkilər üçün bütün imkanlar var və rəqabətli seçkilər olacaq”. 

 

Bütün bunlarla yanaşı Ərdoğanın daha reytinqli olduğunu vurğulayan deputat deyir ki, türk xalqı bu dəfə də ona səs verəcək: “Ərdoğan Türkiyəni dünyanın lider dövlətləri sırasına çıxarıb. Türkiyə olmadan heç bir regional münaqişələr həllini tapmır. Bunu da türk xalqı görür və qarşıdakı seçkidə də bir daha dəyərləndirəcək”. 

 

Türkiyə müxalifətinin vahid namizəd məsələsinə gəlincə, Cavid Osmanov deyir ki, “Altılı Masa”nı bütövlükdə ölkənin siyasi spektrinə aid etmək olmaz: “”Altılı Masa”da olmayan digər qüvvələr var. Bir zamanlar CHP-nin prezidentliyə namizədi olan Məhərrəm İncə bu gün tamam fərqli yerdədir. Türkiyə mətbuatına istinadən deyər bilərəm ki, onun “Altılı Masa” ilə münasibətləri olduqca gərgindir. Bundan başqa “Altılı Masa” liderlərinin hər birinin iddiaları böyükdür. Hətta oradan vahid namizəd çıxsa belə bir partiyanın dəstəkçiləri ona səs verməyə bilər. Bu qurum daxilində ziddiyyətlər var. Məsələn, bəziləri Ankaranın bələdiyyə başqanı Mansur Yavaşının adını çəkir. Amma o birləşdirici fiqur deyil. O namizəd olarsa, kürd əsilli seçicilərdən dəstək olmayacaq. Bütün hallarda hesab edirəm ki, mövcud situasiyada Ərdoğanın şansı daha böyükdür”.

 

Elmar Elnuroğlu

Gununsesi.info