“AMEA ləğv edilsin, alimlər universitetlərə cəlb olunsun!” - NAZİM BƏYDƏMİRLİ

  • By admin
  • 11 Sentyabr 2020 21:16
“Bu, təhsil və elmin birlikdə idarə olunması deməkdir”
“Beləliklə, həm idarəetmə xərcləri azalacaq, həm də təhsilin keyfiyyəti artacaq”
“Eyni zamanda özəl universitetlərdə rəqabət yaradılmalıdır”
Son vaxtlar ən çox müzakirə edilən məsələlərdən biri təhsil haqqlarının aşağı salınmasıdır. Bunu deyənlər öz fikirlərini dərslərin onlayn qaydada davam etməsi əlaqələndirirlər. Bəlkə də, məntiqlidir. Amma hələ ki, bu barədə qərar verilməyib. Deməli, belə bir şəraitdə səslənən iddiaların nə qədər məntiqli olması ilə əlaqədər mütəxəssis rəyinə ehtiyac var.
Gununsesi.info xəbər verir ki, “Sherg.az” iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə söhbətləşib:
– Məsələyə sizin münasibətiniz necədir?
– Birmənalı deyirəm ki, təhsil haqqında tariflər Azərbaycan vətəndaşının iqtisadi vəziyyətinə uyğun deyil. Üstəgəl, kitabxana, yemək kimi əlavə xərclər də var. Bizi ən çox düşündürən məqam isə dövlət universitetlərində də ödənişli yerlərin üstünlük təşkil etməsidir. Xarici ölkələrin dövlət universitetlərində təhsil ödənişsizdir. Amma problem bununla da kifayətlənmir.
– Başqa hansı məqamlar var?
– Təəssüf ki, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla olan yerlərin sayı getdikcə artırılır. Və bu tendensiyanın fonunda dövlət sifarişli yerlərin sayı azalır. İndi təxminən 80 faiz yer məhz ödənişli əsaslarladır.
– Bəs təklifiniz nədir?
– Düşünürəm ki, AMEA ləğv edilməli və onun tərkibindəki institutlar müvafiq ali məktəblərə birləşdirilməlidir. Elmlə məşğul olan alimlər universitetlərə cəlb edilməlidirlər. Bu, təhsil və elmin birlikdə idarə olunması deməkdir. Beləliklə, həm idarəetmə xərcləri azalacaq, həm də təhsilin keyfiyyəti artacaq. Eyni zamanda özəl universitetlərdə rəqabət yaradılmalıdır.
– Hansı yolla?
– Qəbul ballarını aşağı salmaq yox, artırmaq lazımdır. Həm də dövlət sifarişli yerlərin sayını çoxaltmaqda fayda var.
– “Təhsil kreditləri” haqqında Qanun layihəsini necə qiymətləndirirsiniz?
– Bir sıra ölkələrdə belə Qanun var. Məsələ ondan ibarətdir ki, tələbə oxuyub, yaxşı işlə təmin olunduqdan sonra həmin kreditləri ödəməyə başlayır. Bu, konkret desək, özü-özünü maliyyələşdirməkdir. Amma bizim ölkədə belə layihə mümkün deyil.
– Niyə?
– Çünki kreditlərin ümumi faizi yüksəkdir. Həm də Azərbaycan kimi pul baha ölkələrdə belə qanun layihələrindən danışmaq yersizdir. Odur ki, Azərbaycan bu məsələdə çox illər itirib.
– Vəziyyəti düzəltmək naminə nə etməliyik?
– Şəffaflaşdırmaq vacibdir. Ölkəmizdə rektorlar bir müddətdən sonra oliqarxlara çevrilirlər. Bunun qarşısını almaqdan ötrü müəllim-tələbə kollektivi rektorantlığın fəaliyyətinə nəzarət etməli, bir növ müşahidəçi rolunu oynamalıdır. Rektorlar alternativ yolla seçilməlidirlər. Təəssüf ki, onların bir çoxu özlərini ali məktəbin sahibi kimi aparırlar. Bu da təhsilin idarəedilməsinə mənfi təsir göstərir.
Gununsesi.info