AMEA-nın prezidenti İsa Həbbibəylinin qızı Günay Məsimova Almaniyada bank seyfində saxladığı 1 milyon avrodan artıq nağd pul və qiymətli əşyaların fırıldaqla ələ keçirildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, hadisə bu ilin əvvəlində baş verib. Məsimova keçən ilin iyununda Bakıdan Almaniyaya gətirdiyi pulları və qiymətli əşyaları tanışı F.M. vasitəsilə Nürnberqdəki “Sparkasse” bankında seyfə qoymaq qərarına gəlib. F.M. banka gəlmədən əvvəl Günay Məsimovanın adına seyf hesabı açıb, pulları və əşyaları isə Məsimovanın yox, dostunun adına olan seyfə yerləşdirib və sonra Baltik ölkələrinə qaçıb.
Məlumata əsasən hadisə Məsimovanın brilyant qaşlı qızıl saatı üçün bank seyfinə baxarkən boş olduğunu görməsi ilə üzə çıxıb. O, pulların və qiymətli əşyaların 790 min avrosunun dollar və brilyant, 330 min avronun isə nağd pul olduğunu öyrənib.
Günay Məsimova hadisəni polisə bildirməyərək Bakıya qaçıb, oğurluq barədə məlumat vermiş şəxslərdən isə “bandotdel” vasitəsilə qisas almağa çalışdığı iddia edilir.
Qeyd edək ki, Məsimova Almaniyada saxta evlilik vasitəsilə yaşayış hüququ əldə edib və daha sonra 1 milyon avro dəyərində villa və mənzil alıb.
Onu da qeyd edək ki, villanın dəqiq ünvanı açıqlanmasa da, mənzilin Berlində Kohulfurter küçəsində yerləşdiyi bildirilib.













