
Yaxın Şərqdəki vəziyyət yenidən ABŞ-ın xarici siyasətinin diqqət mərkəzində olub.
Gununsesi.info xəbər verir ki, ABŞ-da nəşr olunan “Foreign Affairs” jurnalı Yaxın Şərqdəki mənfi tendensiyanın region ölkələri tərəfindən düzəldilə biləcəyini yazıb.
“Yaxın Şərqi yalnız Yaxın Şərqi düzəldə bilər” başlıqlı təhlildə “Postamerikan regional nizamına gedən yol” ifadəsi işlədilib. Bölgədə formalaşması ehtimal edilən yeni balansların Türkiyə üzərindən qurulduğu qeyd edilib.
Məqalədə hazırkı regional və qlobal dinamikanın Vaşinqtonun dominant rol oynamasını “çox çətinləşdirdiyi” bildirilib.
“ABŞ-ın uzunmüddətli perspektivdə Yaxın Şərqə böyük diplomatik və təhlükəsizlik resursları ayıracağına mərc etmək ağılsızlıq olardı. Regional güclər, xüsusilə Misir və İordaniya, eləcə də müharibənin əvvəlindən koordinasiya edən Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) irəliyə doğru kollektiv yol cızmaq üçün təcili hərəkətə keçməlidir”, – deyə qeyd edilir.
Ankaranın İsrailin Qəzzaya hücumlarına son qoymaq və bölgədə təhlükəsizliyi təmin etmək üçün göstərdiyi səylərə diqqət çəkilib:
“Türkiyə region dövlətlərinin Fələstinin təhlükəsizliyini və idarəçiliyini qoruduğu və dəstəklədiyi, ABŞ və Avropa ölkələrinin isə İsrailə təhlükəsizlik zəmanəti verdiyi çoxölkəli qarant sistemi konsepsiyasını gündəmə gətirib”.
Bütün regionu əhatə edən forum ideyasına skeptisizmlə baxıldığı bir vaxtda yeni əməkdaşlıq təhlükəsizlik mexanizmlərinin yaradıla biləcəyi bildirilib.
Təhlildə Türkiyənin həm İsrail, həm də İranla əlaqələri olduğu və bu iki ölkənin mümkün forumda iştirakının “dəyərli” olacağı da vurğulanıb.
Bölgədə gərginlik davam etsə də, barışığa nail olmaq və təhlükəsizliyi artırmaq üçün “yenidən başlama anı”nın əldə oluna biləcəyi qeyd edilib.
Məqalədə qeyd edilir ki, “Bu anı Türkiyə kimi regional güclərlə birlikdə ələ keçirmək lazımdır.
Yaxın Şərq haqq-hesab qarşısındadır. Qəzzada axan dəhşətli qan səbəbindən böhran və münaqişə dərinləşə bilər və ya fərqli gələcək qurula bilər”.
Gununsesi.info