Amerikada teatr mədəniyyəti

  • By admin
  • 03 Avqust 2019 10:29

Əgər Los Ancelslə bağlı ilk təəssüratlardan biri Hollivud təpəsi və film studiyalarıdırsa, Nyu Yorkda bunun ekvivalenti Brodvey və teatr dünyasıdır. Dünyanın bir çox ölkəsində teatr sənətinə maraq yavaş-yavaş azalır. Bu gün Brodvey, Londonda yerləşən Vest End teatrı ilə birlikdə tamaşa sənətinin getdikcə daha da inkişaf edib məşhurlaşdığı və geniş kütlələrə xitab etdiyi nadir məkanlardan biridir.

Brodvey teatrları Nyu Yorkda yerləşən geniş və çox uzun küçə olan Brodveydə yerləşir. Brodvey sözünün mənası da elə “geniş küçədir”. Bu küçəyə həmçinin “teatrlar prospekti” də deyilir. Brodvey küçəsində hər birində 500-dən çox oturacaq olan 41 professional teatr fəaliyyər göstərir.

Amerikada teatr mədəniyyəti
Amerikada teatr mədəniyyəti

Teatrlar prospekti Nyu York şəhərinin ən turistik məkanlarından biridir. “Brodvey Liq” qəzetinə istinadən, son bir ildə Brodvey tamaşalarına 15 milyona yaxın bilet alınıb. Bu göstəricilərə görə, Brodvey teatrlarının bir illik qazancı 1,829,312,140 dollar olub.

Brodveydə göstərilən tamaşaların böyük hissəsi musiqili teatr tamaşalarıdır (müzikal). Ən məşhur müzikallara misal olaraq “Kral Şir”, “Opera Fantomu”, “Ələddin” və s. göstərmək olar. Məşhur Hollivud aktyorlarının bir çoxunun karyerasında Brodvey tamaşasına yer verilib. Tursitlərin ən çox diqqətini çəkən də elə budur. Nyu Yorkda sevdikləri film ulduzunun canlı ifasinı seyr etmək şansı qazanırlar.

Amerikada teatr mədəniyyəti
Amerikada teatr mədəniyyəti

Bu günə kimi Odri Hepburn, Layza Minelli, Samuel L. Cekson, Emma Ston, Robin Vilyams, Morgan Friman, Brayn Kranston kimi dünya ulduzları özlərini Brodvey səhnəsində sınayıb. Bu səhnədə yer alan aktyorlar aktyorluq sənətində ək yüksək pilləyə çatmış hesab olunur. Brodvey tamaşaları da Hollivud filmləri kimi hər ilk mükafatlandırılır. Brodvey dünyasında Oksarın ekvivalenti Toni mükafatıdır. Bu mükafat 1947-ci ildən etibarən hər il Brodvey rejissorları, ssenaristləri və aktyorlarına təqdim olunur.