Amerikalı kəşfiyyatçı Çinə casusluq ittihamı ilə həbs olundu

  • By admin
  • 23 Noyabr 2019

Vətənə xəyanətə görə 19 il həbsdə qalacaq

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq zabiti Çinə məxfi materiallar ötürdüyünə görə 19 il müddətinə azadlıqdan məhrum edilib. Casusluqda suçlanan zabit Virciniya ştatındakı federal hakim tərəfindən suçlu bilinib. Bu ilin may ayında sözügedən zabit Çinin xeyrinə casusluq etdiyini federal prokurorluğa etiraf etmişdi.

Gununsesi.org “Reuters”-a istinadən bildirir ki, 55 yaşlı Jerry Chuan Shing Lee 2007-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsini tərk edib, 2010-cu ildə isə Çin tərəfi ona Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq zabiti kimi sahib olduğu məxfi məlumatlara görə 100 min dollar ödəməyə və ona “ömür boyu” qayğı göstərməyə hazır olduğunu deyib.

2010 və 2013 illər arasında bu kimi xidmətlərin qarşılığında yüz minlərlə dollar Çin tərəfindən Leenin şəxsi bank hesabına köçürülüb.

“Məsuliyyətli olmaq və milli müdafiə məlumatlarını açıqlamamaq öhdəliyini yerinə yetirmək əvəzinə, Lee ölkəsini satıb, xarici bir dövlətin casusu olmağa razılıq verib, istintaq zamanı isə müstəntiqlərə dəfələrlə yalan danışıb”, Şərqi Virciniya bölgəsi üzrə dövlət ittihamçısı olan Zakari Tervilliqer (Zachary Terwilliger) bəyan edib.

ABŞ Ədliyyə İdarəsindən verilən məlumata görə, ABŞ Federal Təhqiqat Bürosu 2012-ci ilin avqustunda cənab Leenin Havay adasındakı hotel otağında axtarış aparıb və 2004-cü ildən əvvəl Mərkəzi Kəşfiyyat İdarəsində çalışdığı zaman əlyazma şəklində qeydlər etdiyi bloknotu aşkar edib. Orada məxfi xarakterli məlumatlar da olub. Belə ki, qeydlərdə Mərkəzi Kəşfiyyat İdarəsinə yardım edən şəxslərin adları, onlarla görüş yerləri, casusların telefon nömrələri və gizli obyektlər barədə məlumatlar yer alıb.

Cənab Lee son aylarda Çinə casusluq etməklə bağlı ittiham olunan və həbs cəzası alan üç keçmiş ABŞ kəşfiyyatçısından biridir.

 

Gununsesi.org