
ABŞ-da sülh tərəfdarı olan yəhudi qrupları Nyu-Yorkun məşhur Grand Central qatar stansiyasını zəbt edib və İsrailin Qəzza əməliyyatını dayandırması üçün “dərhal atəşkəs” çağırıb.
Gununsesi.info xəbər verir ki, “Sülh üçün Yəhudi Səsi” (JVP) adlı təşkilatın sosial media platformasında verdiyi açıqlama ilə toplaşan qruplar Nyu-Yorkun ən böyük qatar stansiyası olan “Grand Central”ın əsas sərnişin zalını tutublar.
Qara köynək geyinmiş yüzlərlə yəhudi amerikalı “Fələstin azad olmalıdır”, “Sülh, dərhal”, “Atəşkəs tələb etmək üçün “Grand Central”ı ələ keçirin”, “Tarixin sağ tərəfində bizimlə olun” şüarları səsləndirib.
Etirazla eyni vaxtda yəhudi qeyri-hökumət təşkilatları JVP və IfNotNow sosial media platformalarında “Artıq 7 min fələstinli ölüb, bir milyondan çox insan isə didərgin düşüb” yazıb. “İsrail liderləri açıq şəkildə soyqırım ritorikasından istifadə etməkdə davam edir”.
Qəzza üçün “dərhal atəşkəs” tələbi ilə keçirilən etiraz aksiyasında yəhudi təşkilatının üzvləri “Adımıza soyqırımın törədilməsinə icazə vermirik”, “Dərhal atəşkəs” kimi şüarları səsləndiriblər.
IfNotNow qrupunun X platformasındakı paylaşımda “İsrail hökuməti qaranlıqda Qəzza xalqını aclıqdan öldürdüyü, bombaladığı və işğal etdiyi bir vaxtda, qarşıdakı günlərdə və həftələrdə atacağımız addımlar həyatımızı müəyyən edəcək” yazılıb.
Gununsesi.info