Amnesty International: İranda ötən ay öldürülən etirazçıların sayı 304-ə çatıb

  • By admin
  • 17 Dekabr 2019 00:17

 

Amnesty International təşkilatı İranda ötən ay hökumət əleyhinə etirazlarda ən azı 304 adamın öldüyünü bildirir.

Noyabr ayında benzinin qiymətinin kəskin artması İranın bir neçə şəhər və qəsəbəsində təxminən dörd gün davam edən etirazlar ilə nəticələnmişdi. Zorakılıqlar zamanı və sonrakı günlərdə İran hakimiyyəti internetə girişi əngəlləmişdi.

Amnesty International İran təhlükəsizlik qüvvələrinin silahsız etirazçılara atəş açdığını və çox sayda insanın öldüyünü deyib. Londonda qərarghlanan təşkilat bildirib ki, İran hakimiyyəti minlərlə etirazçını, eləcə də jurnalistlər, hüquq müdafiəçiləri və tələbələri etiraz aksiyaları barədə danışmalarına mane olmaq üçün həbs edib.

İki həftə əvvəl hökumət təhlükəsizlik qüvvələrinin etirazçıları güllələdiyini və öldürdüyünü etiraf etsə də, Tehran iğtişaşların miqyası barədə hər hansı bir statistika açıqlamayıb. İranın dövlət mediası vurulan və öldürülənlərin bəzilərini “iğtişaşçılar” adlandırıb.

Sözügedən qurum bu ayın əvvəli 15-18 noyabr etirazlarında ən azı 208 adamın öldüyünü bildirmişdi. Təşkilat ölkə daxilində onlarla insanla danışdığını və etibarlı hesabatlar hazırladığını təkrarlayaraq, yeni və daha yüksək ölüm halları ilə bağlı izahat verməyib.

Amnesty International tərəfindən qeydə alınan ölüm hallarının çoxu baş və ürək nahiyəsi və həyati orqanlara açılan atəş nəticəsində baş verib. Beynəlxalq təşkilat öldürülənlər arasında Şiraz şəhərində etiraz nümayişinin keçirildiyi zaman məktəbdən gayıdarkən vurulan 15 yaşlı bir oğlanın da olduğunu açıqlayıb.

Hüquq müdafiə qrupu etiraz aksiyaları zamanı İranın internet əlaqəsini bağlayaraq, ölkə daxilində insanların baş verənlər və qarışıqlığın tam miqyası barədə video görüntüləri paylaşmasını blokladığını qeyd edib.

Qiymətlərin artmasına baxmayaraq, İran benzinin qiymətinin dünyada ən ucuz olduğu ölkələrdən biri olaraq qalır.

Gununsesi.org