Ana ilə oğlunu nə üçün təyyarəyə buraxmadılar? - SƏBƏB

Böyük Britaniyadan olan turist qadın “British Airways” şirkətinin əməkdaşlarını məhkəməyə verib. 

“The Sun” nəşrinin yazdığına görə, südəmər uşağı ilə təyyarəyə minmək istəyən qadını içəri buraxmayıblar.

31 yaşlı Valdeniz Barford əri və 1,5 yaşlı oğlu Yunanıstanda, Rodos adasında istirahət edirmiş. Geri qayıdanda təyyarə bələdçiləri uşağın üzündə ağcaqanad sancmasından yaranan izləri suçiçəyi xəstəliyinin əlaməti kimi qəbul edərək, ailənin göyərtəni tərk etməsini istəyiblər.

Qadın vəziyyəti izah etsə də, ona qulaq asan olmayıb. Əri Londona tək qayıtmalı olub, çünki səhəri işə getməliymiş.

Gənc ana xatırlayır: “Bu, çox utancverici vəziyyət idi. Əvvəlcə onlar dedilər ki, xəstəliyi müəyyən etmək üçün lazımi biliklərə malik deyillər, sonra isə dedilər ki, bu, suçiçəyidir. Bizimlə cani kimi davranırdılar”.

Bundan başqa, aviaşirkət personalı onların baqajını qaytarmayıb, onlara mehmanxanada yer də ayırmayıb. Həmin gün qadın öz puluna hotel tutmalı olub. Səhər gün, qadın oğlunu həkimə aparıb və məlum olub ki, uşağın üzündəki izlər ağcaqanad sancmasından qalıb.

Gununsesi.org