Ana Vətən Partiyası BƏYANAT yayıb

XX əsrin 80-ci illərinin sonları və 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistan Azərbaycanın tarixi torpaqlarına qarşı açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Nəticədə Ermənistan tərəfindən torpaqlarımızın 20%-ni işğal edilmiş və həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Ermənistanın həyata keçirdiyi təcavüzkar milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi qoşunların təmas xəttində fasiləsiz olaraq gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi və böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

HTML tutorial

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhəri, Hadrut qəsəbəsi, Laçın, Kəlbəcər və Ağdam rayonlarını, Tərtər, Ağdərə, Xocavənd və Xocalı rayonlarının bır sıra kəndləri və çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixinə söykənən Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsini yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Erməni faşizmi üzərində tarixi qələbəmizdən keçən 2 il ərzində işğaldan azad olunan torpaqlarımızda ölkə prezidenti cənab İlham Əliyevin yüksək təşkilatçılığı ilə geniş bərpa və quruculuq işləri aparılır, bölgənin siması tamamilə dəyişərək müasirləşir, soydaşlarımız öz doğma yurdlarına qayıdırlar.

Ermənistan və onu himayə edən Rusiya, Fransa və İran kimi dövlətlərin məkrli siyasi dairələrinin ən müxtəlif hiylələrinə baxmayaraq, qısa zamanda Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin qətiyyəti və diplomatik məharəti sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə də suverenliyimizi təmin edəcəkdir.

Gununsesi.info