
Bu günlərdə AYB-nin yenidən sədri seçilən Anar Telegraf.az-ın redaktoru Qurban Yaquboğlunun suallarını cavablandırıb.
Gununsesi.info-nun xəbərinə görə, müsahibəsində AYB sədri müavini Çingiz Abdullayevin jurnalisti təhqir etməsi və qurultay üçün ayrılmış 203 minin taleyi barədə sualı da cavablandırıb.
“Çingiz Abdullayev Nahaq elə deyib, gərək elə deməyərdi. Mənim haqqımda da yazırlar ki, “Anar nə vaxt öləcək?” Onlara nə deyim? Deyim ki, yaxşı edirsiniz? Gərək jurnalistin də mərifəti, tərbiyəsi olsun. Jurnalist olanda nə olar?! Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə də jurnalist olub. Jurnalistikamızın böyük ənənələri var. Nəcəf Nəcəfov kimi namuslu jurnalistimizi yada salaq.
Jurnalistlər arasında çoxlu dostlarım var, amma bu o demək deyil ki, jurnalist olduğuna görə “babam mənə kor deyib, gəlib gedəni vur” deyib prinsipiylə hərəkət etməlisən”.
Qurultaya ayrılmış 203 min manat necə xərclənsin gəlincə, AYB sədri belə deyib:
” Mən maliyyə məsələlərinə qarışmıram, onunla əsasən Çingiz Abdullayev məşğul olur. Çingizlə 34 ildir işləyirik, ona inanıram, bir qəpiyə də söz ola bilməz. Çingizin nə ehtiyacı var?! O, hamıdan da dövlətli yazıçıdır. Suala baxın, deyir ki, 203 min hara xərclənib? Qurultaya maliyyəni Prezident Administrasiyası ayırıb, biz də onun qəpiyinə qədər hesabatını verəcəyik.
Ölkəmizə xarici qonaqlar gəldi, beş-altı ölkədən gələn qonaqların biletlərini, otel xərclərini hesablayın. Rayonlarımızdan gələn yazıçıların yol pulları verildi. Sual verən deyir ki, xərclənən pulun nəticəsi zalda görünmür. Zalda necə görünə bilər? Zalda qəlyanaltı, qəhvə və çay təqdim edildi. Şampan, şərab da qoyardıq, qara kürü də verərdik?.. O zaman görünəcəkdi ki, pulu hara xərcləmişik?!
Ona görə məntiqsiz suallar adamı çilədən çıxarır, əsəbləşdirir. Əsəbləşəndə də Çingiz kimi bir az köntöy cavab verirsən”.
Gununsesi.info