Anar Əliyevin xatirəsinə tədbir keçirildi

  • By admin
  • 21 Oktyabr 2021 16:29

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Media Türk” TV-nin dəstəyi ilə Azərbaycan İqtisad Universitetində “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş “Ölməz Qəhrəmanlar” adlı tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə “Media Türk” TV-nin qəhrəmanımız haqqında hazırladığı videoçarx yayımlanıb.

Tədbirin moderatoru “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın daim təbliğ edilməsinin, hər bir şəhidin qəhrəmanlıq salnaməsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan İqtisad Universitetinin prorektoru dosent Şaiq Əsgərov bu cür anım tədbirlərinin tələbələr arasında keçirilməsinin əhəmiyyətini və vacibliyini qeyd edib.

Millət vəkili Fatma Yıldırım çıxış edərək bildirib ki, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, gənc nəslimizə örnək olacaq.

Tədbirdə son olaraq şəhid komandir polkovnik-leytenant Anar Əliyevin ailə üzvləri öz hisslərini bildirib, qəhrəmanlıq zirvəsinə ucalmış bir hərbçinin əmanətləri olmaqdan qürur duyduqlarını ifadə edib, gənclərimizə şəhidlərimizin xatirəsini uca tutmağı tövsiyə edib.

Gununsesi.info