Anar Bağırov Qırğız vəkillərin qurultayında

  • By admin
  • 05 Oktyabr 2021 12:00

Qırğızıstanın Prezidenti cənab Sadır Japarovun da iştirak etdiyi “Qırğız vəkillərinin II qurultayı”nda Vəkillər Kollegiyasının sədri Anar Bağırov Qırğız dilində ölkə Prezidentini, Qırğızıstan Respublikası Vəkillər Kollegiyasının sədrini və digər qurultay iştirakçılarını bütün Azərbaycan vəkilləri adından salamlamış, qardaş və dost ölkə Qırğızıstana səfər etmək və ARVK-nın sədri kimi bu cür mühüm tədbirdə iştirak etmək onun üçün böyük şərəf olduğunu qeyd etmiş, həm dəvət, həm də çıxış üçün söz verildiyinə görə təşəkkürünü bildirmişdir. Onun bu jesti Qırğızıstan prezidenti S.Japarov və qurultay iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Sonra çıxışını rus dilində davam etdirən sədr bildirmişdir ki, hər iki ölkə vəkillərinin müxtəlif peşə tədbirlərində birgə iştirakı hüquq icmaları arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli şərait yaradır, həmçinin qeyd etmişdir ki, biz ümumi dəyərləri bölüşürük, bütün beynəlxalq vəkillik platformalarında həm MDB ölkələri, həm də türkdilli ölkələrin nümayəndələrini öz sıralarında birləşdirən TÜRKAV Təşkilatı çərçivəsində möhkəm dost və tərəfdaşıq. Əminəm ki, bizim peşəmiz bu cür əməkdaşlıqdan və təcrübə mübadiləsindən böyük dividendlər qazanır, vəkillik fəaliyyətinin xarakteri və təbiətini nəzərə alaraq, ölkələrimizdə güclü və nüfuzlu vəkillərin bərqərar olması ictimai məqsəd və vəzifələrə tam cavab verir. Bununla yanaşı, qanunun və hüququn aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, vətəndaşların yüksək hüquqi yardıma çıxışı xalqlarımızın bəyan etdiyi konstitusiyalarda ümumbəşəri dəyərlərin qorunmasına dayanan hüquqi dövlətçiliyə təminat verir.

Bundan başqa, A.Bağırov qurultay iştirakçılarına ARVK-nın fəaliyyəti barədə məlumat verib: “ARVK ölkəmizin bütün vəkillərini birləşdirən və Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərən tam müstəqil, qeyri-hökumət təşkilatıdır. Bununla yanaşı, mən xüsusi qeyd etmək istəyirəm ki, sovet məkanında ilk dəfə olaraq Azərbaycanın vəkilliyi müstəqil peşə statusu almış, hələ uzaq 1999-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatı çərçivəsində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul edilmiş və ilk dəfə olaraq Azərbaycan vəkilliyi müstəqil peşə statusu almışdır”. Son illər də Azərbaycanda vəkillik peşəsinin rolunun və təsirinin gücləndirilməsinə, vəkillik fəaliyyətinin təkmilləşdirilməsinə dövlət tərəfindən lazımi diqqət göstərildiyini qeyd etmişdir.

Həmçinin, A.Bağırov ARVK-nın öz-özünü maliyyəşdirməsi, müstəqil şəkildə idarə olunması, şəffaf şəkildə üzvlərin qəbulu, beynəlxalq təşkilatların da iştirakı ilə imtahanların keçirilməsi, beynəlxalq təcrübəyə əsaslanaraq intizam icraatlarının aparılması və tənbehlərin tədbiq edilməsi, vəkillərin sayının son 4 ildə 2.5 dəfədən çox, vəkil bürolarının sayının isə 3 dəfədən çox artması, yerli və beynəlxalq əməkdaşlıqlar, vəkillik sahəsində qanunvericilikdəki dəyişikliklər, innovativ və elektron fəaliyyətlər, məhkəmə-hüququ islahatlarında vəkilliyin yeri və rolu, pulsuz hüquqi yardımın təkmilləşdirilməsi, vəkillərin peşəkarlıq səviyyəsinin artırılması üçün görülən tədbirlər barədə geniş məlumat vermişdir. Bununla yanaşı, xüsusilə qeyd etmişdir ki, islahatların aparılmasında ilk növbədə vəkilliyin maliyyə müstəqilliyinə diqqət yetirmək lazımdır, çünki maliyyə müstəqilliyi olmadan vəkillik güclü ola bilməz. Sonda o, qırğızıstanlı həmkarlarına vəkil mantiyası ilə məhkəmə proseslərinə qatılmağı təklif edib. Çünki prokurorların, hakimlərin forması varsa, vəkildə də olmalıdır.

Eyni zamanda, A.Bağırov ARVK-nın Qırğızıstanda vəkilliyin gücləndirilməsində Qırğızıstandan olan həmkarlarımıza dəstək göstərməyə, zəruri hesab edilən məsələlər ilə bağlı birgə fəaliyyətə və uğurlu təcrübələri bölüşməyə hər zaman hazır olduğunu vurğulamışdır.

Sonda, A.Bağırov QRVK-nın sədri cənab Bilim Rayımqulova onun səmərəli və faydalı əməkdaşlığına, dostluğuna, həmçinin ölkələrimizin vəkilləri arasında qarşılıqlı əlaqələrin yaradılmasında göstərdiyi səyləri üçün öz dərin minnətdarlığını bildirmiş, onun Azərbaycana dəfələrlə səfər etməsindən, dostluqlarının əbədi olmasından söz açmış, o cümlədən ARVK Rəyasət Heyətinin qərarına əsasən, onu “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəxri vəkili” adı ilə təltif olunması üzrə diplom və rəmzi vəkil mantiyasını cənab Rayımqulova təntənəli surətdə təqdim etmişdir.


Qurultayın təntənəli hissəsinin sonunda Qırğızıstanın Prezidenti cənab S.Japarov dost ölkələrin vəkil liderləri ilə görüşmüşdür. ARVK-nın sədri A.Bağırov səmərəli əməkdaşlığa, göstərdiyi diqqətə, vəkil peşəsinin nüfuzunu gücləndirdiyinə və onun inkişafında birbaşa iştirakına görə cənab S.Japarova minnətdarlığını bildirmişdir…

Gununsesi.info