Anar Bağırov vəkillərin davranış qaydalarını necə pozdu? - KOLLEGİYA SƏDRİ ÖZ QƏBUL ETDİYİ ƏSASNAMƏYƏ QARŞI

  • By admin
  • 13 İyul 2020 14:39

 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycanın nüfuzlu vəkillərindən biri olan Fariz Namazlıq haqqında sosial şəbəkələrdə müzakirələr açıb.

Gununsesi.org-un xəbərinə görə, buna səbəb isə vəkil Fariz Namazlının vəkillik institutunda aparılan dəyişikliyi “kosmetik” adlandırmasıdır.

Bu isə kollegiya sədrinin xoşuna gəlməyib və Fariz Namazlı haqqında sosial şəbəkə səhifəsində status yazıb.

Kollegiya üzvlərinə səslənən Anar Bağırov onlardan  məşhur vəkilin fikirlərinə münasibət bildirməyi tələb edib.

 

Ancaq görünür, Anar Bağırov bu qeydləri yazarkən, özünün  sədrliyi dönəmində qəbul edilən “Vəkillərin davranış qaydaları haqqında” əsasnamənin tələblərini pozduğunun fərqinə varmayıb.

Belə ki, Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən 07.12.2017-ci il tarixdə qəbul olunmuş əsasnamənin 2.4 bəndində yazılır.

Loyallıq – Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.

Bu arada isə Fariz Namazlı Anar Bağırovun bu mövqeyinə münasibət bildirib.

Onun da qeydlərini təqdim edirik:

Vəkillər Kollegiyasının sədri, hörmətli Anar Bağırov mənim bir fikrim haqqında status yazaraq onu dostluğunda olanların müzakirəsinə buraxıb. Onlar da sağ olsunlar, tanıyan, tanımayan yazırlar. Bəziləri təhqirə keçsə də, tanıyanlar onların yazdıqlarında diqqətli olmalarını xahiş edirlər.
Anar Bağırovun dostluğunda olmadığımdan ora münasibətimi və mövqeyimi yaza bilmirəm.
Məsələ nədən ibarətdir? Hörmətli vəkilimiz Adil İsmayılov dövlət hesabına çıxan vəkillərlə bağlı status yazıb, mən də BU SAHƏDƏ aparılan istlahatları kosmetik dəyişiklik adlandırmışam. Bu fikrim görünür hörmətli sədrimizin xoşuna gəlməyib və bunu ümumilikdə vəkillikdə aparılan islahatlara verilən qiymət kimi nəzərə alıb.
Dövlət hesabına hüquqi yardıma görə məbləğ 3 dəfə artırılıb, lakin bu nəticəyə təsir etməyib. Fəaliyyət göstərdiyim Sumqayıt şəhərində yerləşən məhkəmələrin dövlət hesabına xidmət haqqına görə təyin etdiyi məbləğ əvvəlki ilə eynidir. Belə ki, əvvəllər 1 vəkil dövlət hesabına işə çıxan zaman qeyd edilən saat tutaq ki 10-30 saat yazılırdı (məbləğ 20-60 manat), hazırda məbləğ 3 dəfə artırılsa da, sərf olunan saat 3-8 saat göstərilir (maksimum 10 saat), bu da əvvəlki ilə eyni məbləğ təşkil edirdi. Təbii ki burada Kollegiyanın təqsiri yoxdur, bu fikrimcə məhkəmələrə verilən tapşırıqdan irəli gəlir ki, sərf olunan vaxtı çox yazmasınlar.
Ona görə də bu sahədə edilən dəyişiklər mənə görə kosmetik dəyişiklikdir.
Ayrıca mənim hansısa işlərə çıxmağımı siyasi alətə oyun olmağa əlaqələndirmək də tamamilə əsassız və məntiqsiz fikirlərdir. Mən vəkiləm, istənilən işə çıxa bilərəm. Hökümətə müxalif olmaq, hansısa müxalifət partiyasının üzvü olmaq demək deyil. Mənim öz yolum var, mən kiməsə qoşulmuram, qoşulmaq fikrim də yoxdur, əksinə mənə qoşulmaq istəyənlər çoxdur.

Pərviz Həşimli

Gununsesi.org