Anar Məmmədli Ümumdünya İnsan Hüquqları Günündən yazdı

  • By admin
  • 10 Dekabr 2021 16:04

Təxminən 5 min il əvvəl insan yazını ixtira edərək, daşa, divara, ağaca, heyvan dərisi üzərinə yazmağa – özünü ifadə etməyə başladı. Və 5 min il ərzində yazının köməyi ilə müxtəlif formasiyalar qurdu – quldarlıq, feodalizm, kapitalizm, kommunizm, faşizm və dini fundamentalizm.

Hər formasiya özünün yazılarında tarixin və insanlığın yaddaşına köçdü. Bu yazılardan bəzisi milyonlarla insanın ölümünə səbəb oldu – kimisinin dərisi soydular ya da odda yandırdılar, kimisini güllələdilər, kimisini qazda boğub öldürdülər yaxud ən dəhşətli işgəncələr verdilər. Nəhayət, belə qanlı tarixi olaylardan ikisi – 1-ci və 2-ci dünya müharibəsində milyonlarla insanın qanı hesabına ağlı başına gələn ya da buna məcbur qalan siyasi liderlər aşağıdakı mətnləri yazdılar:

… Bütün insanlar öz ləyaqətləri və huquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə munasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.
… Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq huququna malikdir.
… Heç kəs özbaşınalıqla həbsə, tutulub saxlanılmaya və ya sürgün edilməyə məruz qala bilməz.
… Hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir.
… Hər bir insan öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir.
… Xalqın iradəsi dövlət hakimiyyətinin əsası olmalıdır; bu iradə, vaxtaşırı və saxtalaşdırılmadan, ümumi və bərabər seçki hüququ əsasında, gizli səsvermə yolu ilə və yaxud səsvermə azadlığını təmin edən digər eynimənalı formalar vasitəsilə keçirilən seçkilərdə öz əksini tapmalıdır.

10 dekabr 1948-ci ildə imzalanan İnsan Hüquqları üzrə Universal Bəyannamənin qəbulundan 73 il keçir. Bəşəriyyət üçün böyük, bizim ölkə üçün hələlik kiçik hadisədir. Bizim üçün ona görə kiçikdir ki, hələ də bu bəyannamənin mahiyyətindən doğan azad, ədalətli və hüquqi dövlət qurulmayıb.
Bizim bu bəyannamədən daha çox bəhrələnən xalqlar sırasına daxil olmağımız üçün çox çalışmalı, ehkamları dağıtmalı və mütərəqqi hüquqi-siyasi sistem qurmalıyıq.

10 Dekabr İnsan Hüquqları Günü mübarək olsun!

Anar Məmmədli

Gununsesi.info