Anarın ad gününə sözardı: - Orxan Saffari yazır...

  • By Admin2
  • 14 Mart 2025 11:44
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın doğum günüdür. O, belə demək olarsa, müasir Azərbaycan ədəbiyyatının haqqında ən çox danışılan, müzakirə edilən adamıdır. Ancaq bu danışıqlar, müzakirələr onun ədəbiyyatı yox, şəxsiyyəti, əməlləri üzərindədir.  
Nədənsə, ədəbiyyatda “Əsas mətndir, nə edirsə et, kim olursan ol” kimi yanlış bir düşüncə də yaranıb.
Söz yox, bu da həqiqətdir, doğrudan da “əsas mətndir”, ancaq burada da var bir əmma.
Anar, əlbəttə, pis yazıçı deyil, fəqət o, heç vaxt böyük yazıçı ola bilmədi və çox sonralar da, ondan sonra qalacaq mətnləri də Anarı böyük yazıçı edə bilməyəcək.
Fakt budur:
Ömrünü imtiyaz almağa həsr edən, daim boynunu əyən, heç vaxt haqqın yanında dayana bilməyən adamın böyük sevgi ilə xatırlana bilmə ehtimalı heç sıfırın altında da deyil.
Məgər kimsə bu cür olan bir nümunə göstərə bilərmi? Ola bilər, yazıçı xaraktercə fərqli də olar. Məsələn, olarsan qumarbaz, olarsan alkaş, oğru, gey-fərqi yoxdur, yenə də sevgi ilə xatırlanarsan, insanlar bu cür şəxsi keyfiyyətləri görməzdən gələ bilər. Ancaq sən ictimai olaraq naqisliklə məşğulsansa, hiyləgərlik edirsənsə, nahaqqın yanındasansa, mümkün deyil.
Anar bu mənada yazıçı yox, ictimai-siyasi xadimdir, əslində, elə yaxşı siyasətçidir də. Yazmaq isə onu bu siyasət yolunda saxlamaq üçün sadəcə bir vasitədir.
Yox, əgər məsələ mətnlə xatırlanmaqdırsa, ən zəif mətnlər də xatırlanır, tarixdə qala bilir. Bunu qabardaraq deməyin nə mənası var? Şəxsin özü məşhurdursa, yazdığı söyüş də tarixdə qala bilər.
Məsələ isə həm şəxsiyyət olmağı bacarmaqdır. Yəni, Anarın bu ömürdə bacara bilmədiyi…
Tarix bunu dəfələrlə sübut edib, edir, edəcək. Heç çox uzağa getməyə ehtiyac yoxdur, Sovetlər dönəmində doğrudan da yaxşı mətnləri olan xeyli klassiklərimiz var.
Məgər onlardan bu gün kimlər sevgi və ehtiramla xatırlanır? Gorlarına qədər söyülmürmü?
Məsələn, Səməd Vurğunun, Süleyman Rüstəmin hansı əməlləri unudulub? Tarix onları ancaq yaxşı mətnləri iləmi xatırladı? Əlbəttə, yox.
Xülasə, narahat olmağa ehtiyac yoxdur.
Anar da nadürüst əməlləri olan mənəvi ustadları kimi ədəbiyyat tarixi qarşısında cavab verəcək, öz layiqli yerini tapacaq.
Orxan Saffari