
Anası HƏMAS tərəfindən girov götürülən israilli Neta Heiman Qəzzada insanların cəzalandırılmasına qarşıdır.
Gununsesi.info xəbər verir ki, oktyabrın 7-dən etibarən anası Qəzzada girov saxlanılan israilli Neta Heiman Benyamin Netanyahu hökumətinə güvənmədiyini və Qəzza xalqının cəzalandırılmasının əleyhinə olduğunu bildirib.
İsrailin şimalındakı Hayfa şəhərindəki evində “Anadolu” agentliyinin əməkdaşına danışan Heiman nə İsrailin işğalçılıq siyasətinə görə anasının, nə də HƏMAS-a görə Qəzzada yaşayan 2 milyon 300 min fələstinlinin cəzalandırılması lazım olduğunu bildirib.
Netanyahunu “yalançı” kimi xarakterizə edən Heiman İsrail hökumətini Qəzzada girovların xilas edilməsinə önəm verməməkdə günahlandırıb.
“Biz onun (Netanyahu) yalançı olduğunu bilirik. Bir ildir hökumətə etibar etmirik. Ona görə də küçələrə çıxıb qışqırırıq. O (Netanyahu) insanlara əhəmiyyət vermir. Onu özündən və ailəsindən başqa heç kimi maraqlandırmır”, – deyə qadın bildirib.
Heiman ABŞ-ın Qəzzada girovlar arasından yalnız öz vətəndaşlarının xilas edilməsində maraqlı olduğunu bildirib. “Təəssüf ki, anam yalnız İsrail vətəndaşıdır. İlk günlərdə azad edilən girovlar Amerika vətəndaşları olub. Onların hamı üçün əllərindən gələni etdiklərini düşünmürəm. Onların prioritetləri öz vətəndaşları, ABŞ və Avropa vətəndaşlarıdır. Anam sadəcə israillidir. Bu, beynəlxalq ictimaiyyət üçün aşağı prioritetdir”, – deyə əlavə edib.
İsrail-Fələstin münaqişəsində heç bir tərəfin günahsız olmadığını əsas gətirən Heiman bu problemin həllinin hərbi deyil, siyasi razılaşma ilə mümkün ola biləcəyi fikrini ifadə edib. İki tərəfin oturub danışıb siyasi razılığa gəlməsi lazım olduğunu qeyd edən Heiman, “Sülh razılaşması üçün düşmən olmalıdır və Həmas bizim düşmənimizdir. Sülh müqaviləsi dostla deyil, düşmənlə bağlanır”, deyib.
2007-ci ildən Qəzzanın blokadası və 1967-ci ildən İordan çayının qərb sahilinin davam edən işğalı ilə bağlı İsrailin yanıldığına diqqət çəkən Heiman, fanatik anti-Fələstin baxışları və tətbiqləri ilə tanınan milli təhlükəsizlik naziri Itamar Ben-Gvir və maliyyə naziri Bezalel Smotriçi tənqid edib. O, həmçinin bir çox israillinin qəzəbləndiyini bildirib.
Gununsesi.info