Ötən il Xırdalanda 1974-cü il təvəllüdlü anası Mehriban Hüseynzadəni xüsusi amansızlıqla qətlə yetirən 24 yaşlı Orxan Hüseynzadənin məhkəmə prosesi başa çatıb.
Gununsesi.info xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Orxan 18 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, onun anasını öldürməsinə səbəb atasına xəyanət etməsindən şübhələnməsi olub. Orxan buna dair onda heç bir sübut olmadığını da məhkəmədə etiraf edib. O, sadəcə, evdə qadınlar üçün nəzərdə tutulan məhlulu tapmasından bu qənaətə gəldiyini bildirib.
Anasına neçə bıçaq vurduğunu xatırlamadığını bildirən Hüseynzadə, valideynini qətlə yetirdikdən sonra balta ilə hissələrə bölüb. O, anasının hissələrə bölünmüş meyitini zibilliyə atmaq və bu üsulla cinayəti gizlətmək istəyib.
Hadisə baş verən gün Orxanın atası işdə, bacısı isə ad günündə olub. Baş verən cinayəti isə qonşular aşkarlayıb və daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qeyd edək ki, Mehriban Hüseynzadə Mehdiabad qəsəbəsində yerləşən uşaq musiqi məktəbində piano müəllimi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı Aslan Hüseynzadə ifadəsində Orxanın şübhələrinin tam əsassız olduğunu bildirib. Onun sözlərinə görə, arvadı ona heç vaxt xəyanət etməyib, çox saf, sakittəbiətli və namuslu qadın, öz övladlarına da həmişə yaxşı ana olub.
Orxan isə narkotik vasitələrdən istifadə edib, hətta bir müddət Narkoloji Mərkəzdə müalicə alsa da, bunu yarımçıq dayandırıb.
Orxanın bacısı məhkəmədə qardaşını bağışlamadığını, ona ən ağır cəzanın verilməsini istəyib.
Onu da əlavə edək ki, O.Hüseynzadənin atası da bir neçə il həbs həyatı yaşayıb. O, həyat yoldaşı Mehriban Hüseynzadənin bacısını bıçaqladığına görə məhkum olunmuşdu.