
Məşhur amerikalı aktrisa Ancelina Coli İsrail-HƏMAS münaqişəsində hər iki tərəfdən mülki əhalinin əzab çəkməsindən “qəzəbləndiyini və xəstə düşdüyünü” söyləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb. Onun sözlərinə görə, heç bir tərəfi dəstəkləmir.
Coli İnstaqram səhifəsində yazıb: “İsraildə baş verənlər terror aktıdır. Amma bu, Qəzzada dinc əhalinin bombalanması nəticəsində nə qədər günahsız insanın həlak olmasına haqq qazandıra bilməz”.
Qəzza zolağındakı mühasirəyə münasibət bildirərək, vurğulayıb ki, “əhalinin qaçmağa yeri yoxdur, insanların qida və suya çıxışı yoxdur, evakuasiya üçün heç bir yol yoxdur, onlar sərhədi keçmək üçün sadə insan hüququndan belə məhrumdurlar”.
Coli dərhal atəşkəsə çağırıb. “Fələstinlilərin və israillilərin həyatı, dünyadakı bütün insanların həyatı kimi, eyni dəyərə malikdir”, – deyə aktrisa bildirib.
Bundan əvvəl Qəzza zolağında ölənlərin sayının səkkiz min nəfəri keçdiyi bildirilirdi.
Təkcə son 24 saat ərzində bölgədə 300-dən çox insan həyatını itirib.
Bir gün əvvəl İsrail ordusu Qəzzanı irimiqyaslı atəşə tutmağa başlayandan bəri İsrail ordusunun 150 hədəfi vurduğunu bildirmişdi. İsrail tərəfi hücumun intensivləşdiyini ötən cümə günü, oktyabrın 27-də elan edib. Bundan dərhal sonra ÜST və UNICEF regiondakı nümayəndələri ilə əlaqəni kəsdiklərini bildiriblər. Bundan əlavə, bölgədə enerji təchizatı və telefon rabitəsi kəsilib.
Gununsesi.info