“Ankara ilə danışıqlara Kremlin dəstəyi ilə başlamışıq, Bakı ilə isə..” -Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, Rusiyanın dəstəyi ilə Türkiyə ilə müzakirələr başlayıb, Azərbaycanla isə Qarabağ probleminin nizamlanması üzrə intensiv danışıqlar aparılır.

Gununsesi.info xəbər verir ki, o bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasında deyib.

HTML tutorial

“Biz Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik. Azərbaycanla Qarabağ problemi ilə bağlı gərgin danışıq gedir. Biz Rusiyanın təkcə Ermənistanın strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın yaxın tərəfdaşı kimi dəstəyini gözləyirik. Mən Rusiyanın Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu vurğulamaq istəyirəm”, – Paşinyan bildirib.

O qeyd edib ki, hazırda region üçün çətin dövrdür, təhlükəsizliklə bağlı çağırışlar var.

“Bütün dünya ictimaiyyətinin və xüsusilə Ermənistanın təhlükəsizlik sahəsində strateji tərəfdaşının diqqəti Ukrayna ətrafında yaranmış vəziyyətə yönələndə bunun regionumuzda sabitliyin pozulmasına gətirib çıxara biləcəyi ilə bağlı konkret təhlükələr yaranır. Rusiya ilə sıx tərəfdaşlıq şəraitində regionda vəziyyəti nəzarətdə saxlamaq mümkün olacaq”, – Paşinyan bildirib.

9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan danışan Paşinyan bildirib ki, həmin bəyanatın 9-cu bəndində regionda iqtisadi və nəqliyyat marşrutlarının blokdan çıxarılmasından söhbət gedir.

“Ermənistanın Azərbaycan ərazisindən, Azərbaycanın isə Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsi imkanı əldə etməsi qlobal miqyasda yeni nəqliyyat marşrutlarının açılması imkanı deməkdir. Ermənistan bu imkanı reallaşdırmaqda çox maraqlıdır. Üçtərəfli komissiyanın işində yaxşı irəliləyiş var. Bir sıra hüquqi məsələləri həll etmək lazımdır ki, bu yollar hansı hüquqi normalara əsasən fəaliyyət göstərəcək”, – Paşinyan bildirib.

O qeyd edib ki, mövqe aydındır: açılan marşrutlar ərazilərindən keçdiyi ölkələrin tam suverenliyi altında fəaliyyət göstərməlidir.

“Ümid edirik ki, biz bu prinsip əsasında cənubu şimala, şərqi qərbə birləşdirən və bizim “erməni qovşağı” adlandırdığımız layihəni həyata keçirə biləcəyik”, – Paşinyan bildirib.

Gununsesi.info