

“Ankara “İncirlik” hərbi bazasının bağlanması məsələsini gündəmə gətirməklə, müttəfiqlərinin hərəkətlərinin yanlış olduğunu deyir və belə bir addımın ola biləcəyinə ehyam vurur”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.
Onun sözlərinə görə, Türkiyənin “İncirlik” hərbi obyekti Ankaranın NATO üzrə müttəfiqləri üçün strateji əhəmiyyət daşıyır. “Bu obyektin ləğv edilməsi məsələsi müəyyən dövrlərdə SSRİ-Türkiyə, Rusiya-Türkiyə münasibətlərində müzakirə mövzusu olub. Türkiyə bu obyektdən heç bir zaman SSRİ-yə və Rusiyaya qarşı istifadə edilməsinə icazə verməyib. İndi isə Ankara bu obyektin bağlanması məsələsini özü gündəliyə gətirib. Bununla Türkiyə müttəfiqlərinin hərəkətlərinin yanlış olduğunu deyir və belə bir addımın ola biləcəyinə ehyam vurur”- deyə, millət vəkili vurğulayıb.
M. Qasımlı əlavə edib ki, əlbəttə, belə sözlərin söylənməsi Türkiyənin Qərb blokundan ayrılması demək deyildir: “Türkiyənin həmin fikirləri səsləndirməsi səbəbsiz deyil. Çünki Türkiyənin NATO üzrə müttəfiqləri terrora qarşı mübarizədə Ankaraya dəstək vermirlər. Əksinə, Türkiyənin təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edən, qanlar tökən terrorçu təşkilatları sılahlandırırlar. Türkiyə bir neçə tərəfdən atəş altında olan ölkəyə çevrilib”.
Millət vəkilinin fikrincə, heç kəsə sirr deyil ki, terror aktları heç bir yerdə özbaşına baş vermir:
“Onun arxasında müəyyən dövlətlər dayanır. Terror təşkilatları dövlət deyillər, onların silah zavodu və s. yoxdur. Onları konkret dövlətlər təchiz edirlər. Lakin nə qədər etsələr də, Türkiyə ona qarşı qurulan bu iyrənc, ağır oyundan qalib çıxacaq. Çünki türk ruhunu məhv etmək mümkün deyil”.
Mürtəza
Gununsesi.info