Ankara İraqın şimalında həyata keçirilən hava əməliyyatına münasibət bildirib

  • By admin
  • 02 Oktyabr 2023 14:38

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraqda PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyatı şərh edib.

Gununsesi.info xəbər verir ki, Altun bu barədə sosial media hesabında yazıb.

“Qəhrəman ordumuzun İraqın şimalında separatçı terror təşkilatına qarşı həyata keçirdiyi uğurlu hava əməliyyatları təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da terrora dözməməyə davam edəcəyimizin mühüm göstəricisi idi”, – deyə o bildirib

Onun sözlərinə görə, sözügedən əməliyyat qanlı qruplaşmaya növbəti ciddi zərbə olub.

O vurğulayıb ki, Türkiyə təhlükəsizlik qüvvələri Türkiyənin son illərdə terrorla mübarizədə əldə etdiyi irəliləyişə əsaslanaraq, terrorun mənbəyində aradan qaldırılması strategiyasında uğur əldə etmək üçün bütün lazımi səyləri göstərəcək.

Altun qeyd edib ki, Ankara “Türkiyənin milli təhlükəsizliyini təhdid edən bir terrorçunu da geridə qoymamaq” məqsədini güdür.

Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Metina, Hakurk, Qəndil və Qara bölgələrində PKK terrorçularına qarşı hava əməliyyatı keçirdiyini açıqlamışdı. Hava hücumu zamanı terror təşkilatının 20 hədəfi məhv edilib.

Səid Əhmədli
Gununsesi.info