Türkiyəli hərbi-təhlükəsizlik eksperti Abdullah Ağar Liviyanın Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddadın Ankaradan qayıdarkən təyyarəsinin Türkiyə hava məkanında qəzaya uğramasını Gununsesi.info-ya şərh edərkən baş verənlərin təkcə qəza kimi qiymətləndirilməsinin doğru olmadığını bildirib.
Ekspertin fikrincə, hadisə “qəza olsa belə”, onun yaratdığı təsir artıq qəza anlayışından kənara çıxır və ciddi geosiyasi məna daşıyır.
Geosiyasi fırtınanın mərkəzində baş verən hadisə
Abdullah Ağar qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edən Liviyanın Baş Qərargah rəisi Məhəmməd Əli əl-Həddad Milli Müdafiə naziri Yaşar Güler və digər yüksək rütbəli hərbi rəsmilərlə görüşdükdən sonra ölkəsinə qayıdarkən onun təyyarəsinin Ankara yaxınlığında qəzaya uğraması təsadüfi hadisə kimi dəyərləndirilə bilməz.
Ekspertin sözlərinə görə, son dövrlərdə ard-arda baş verən oxşar hadisələr – həm havada, həm də region miqyasında yaşanan proseslər – bu qəzanın daha geniş bir geosiyasi mübarizənin tərkib hissəsi ola biləcəyini göstərir.
“Əgər bütün bunların sadəcə təsadüf olduğunu düşünürüksə, məsələ üzərində dayanmağa ehtiyac yoxdur. Amma hadisələrin ardıcıllığına və zamanlamasına baxdıqda, bunların raslantıdan ibarət olmadığını düşünmək üçün ciddi əsaslar yaranır”, – deyə Ağar bildirib.
Hadisələr zənciri və oxşar kontekst
Ekspert diqqətə çatdırıb ki, yaxın keçmişdə baş verən bir sıra hadisələr bu qəzanı daha geniş kontekstdə oxumağı zəruri edir. Bunlara Türkiyəyə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin Gürcüstan üzərində qəzaya uğraması, Qara dəniz və hava məkanında qeyri-sabitlik, Türkiyə hava sahəsində mənşəyi bilinməyən pilotsuz uçuş aparatlarının görünməsi, eləcə də İran prezidentinin helikopterinin Cənubi Qafqazda qəzaya uğraması daxildir.
Onun sözlərinə görə, bu hadisələrin hamısı eyni geosiyasi gərginlik fonunda baş verir.
“Bu, yüksək səviyyəli hərbi-diplomatik təhlükəsizlik insidentidir”
Abdullah Ağar vurğulayıb ki, əgər bu hadisə qəza deyilsə, o zaman “Yüksək Səviyyəli Hərbi-Diplomatik Təhlükəsizlik İnsidenti” kateqoriyasına daxil edilir.
Bu tip hadisələrin əsas xüsusiyyətləri sırasında VIP statuslu hərbi fiqurun hədəf olması, dövlət mərkəzində baş verməsi, kritik görüşlərdən dərhal sonra baş verməsi və qəbul edilən qərarlara təsir göstərmək potensialı yer alır.
“Belə hadisələr bəzən qəza ilə başlayır, amma heç vaxt qəza ilə bitmir”, – deyə ekspert qeyd edib.
“Əsas sual: kimin xeyrinədir?”
Abdullah Ağar bildirib ki, strateji analizdə əsas sual “kim etdi?” yox, “kimin xeyrinə oldu?” sualıdır.
Onun fikrincə, bu hadisə xüsusilə Türkiyə–Liviya xəttindən narahat olan tərəflərin maraqlarına uyğun gəlir. Söhbət Şərqi Aralıq dənizində Türkiyə–Liviya dəniz səlahiyyət zonalarından, Tripoli mərkəzli legitim hərbi-siyasi strukturdan və Türkiyənin bölgədə artan təsirindən narahat olan qüvvələrdən gedir.
“Aralıq dənizində sabitlik deyil, qeyri-müəyyənlik istəyən hər kəs üçün bu cür hadisələr strateji qazanc sayılır”, – deyə ekspert vurğulayıb.
Ayşən











