Ankara-Tehran-Bağdad bir olsa Ərbil müstəqilliyini elan edə bilməyəcək - XALƏDDİN İBRAHİMLİ

  • By admin
  • 27 Sentyabr 2017 14:48

xaleddin ibrahimli

Türkiyə, İran və Bağdad yönətimi bir arada olsalar Ərbil müstəqilliyini elan edə bilməyəcək.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi icmalçı Xaləddin İbrahimli deyib.

Onun sözlərinə görə, kənardan nə qədər dəstək olsa da Ərbil çıxılmaz vəziyətdə ağır durumla baş-başa qalacaq. “Amma İran bel bağlanası bir dövlət deyil. Sabah hansı mövqeni tutacağı bəlli deyil. Yaxın Şərqin bu vəziyyətə düşməsində onun payı çoxdur. Özünü qorumaq üçün kənardakı fərqli güclərin əlində alət oldu. İsrail daxil olmaqla bölgədə marağı olan digər bütün güclərin dəyirmanına su tökdü”- deyə, X.İbrahimli vurğulayıb.

X.İbrahimli hesab edir ki, bu məsələdə vəziyyətdən hali olan Rusiya da İrana təsir etməyə çalışacaq: “Zəif həlqə Tehrandır. İran Türkiyə və Bağdadın yanından qaçsa da, İraq və Türkiyə bir yerdə İrandan Ağ dənizə yeni bir dövlətin yaranmasına mane ola bilərlər. Rusiya Bağdad yönətimini də qorxutmağa başlayıb. Yazırlar ki, Barzani Bağdada siyasi hakimiyyətin təpəsinə gəlmək istəyir. Bu İbadini qorxudub anlaşmaya sövq etmək, Türkiyədən aralamaqdır”.

Bununla belə X.İbrahimli bildirib ki, Türkiyə dirənəcək və ən azı Suriyanın quzeyində də anoloji proseslərin getməsinə imkan verməyəcək: “Digər tərəfdən, Ərbilin Kərkükə sahib olmasına göz yummayacaq. Bir xalqın müstəqillik haqqı başqa xalqın bütün haqlarını itirməsi üzərində qurula bilməz. Əgər Suriya və İraq parçalanacaqsa və yerli hakimiyyətlər buna mane olmayacaq, ya ola bilməyəcəklərsə, bu zaman Türkmənlər də öz haqlarına sahib olacaqlar”.

X.İbrahimli hesab edir ki, yaranmış durumda bütün türk xalqları bu prosesə təkan və töhfə verməlidir. “İqtidarlar əhəmiyyət verməsələr belə xalqlar mübarizələrini aparmalı, hər kəs öz alanında dəstəyini verməlidir. Müasir dünyada bu amilin rolu az deyil. Bəzən deyirlər böyük dövlətlər, dərin dövlət, Mason lojası və s. Amma xalqların kollektiv müqaviməti qədər böyük güc yoxdur. Həyat təkcə yeməkdən, icməkdən, para toplamaqla məşğul olmaqdan ibarət deyil. Həyatda hər kəsin mənsub olduğu millətin qarşısında bir borcu və yükümlülüyü də var”- deyə, siyasi icmalçı qeyd edib.

Vəziyyətin bu həddə gəlməsində Türkiyənin mövcud hakimiyyətinin tənqid edilməsinə də aydınlıq gətirən X.İbrahimli deyib ki, Türkiyə duruma görə siyasət yürüdür: “Əgər hərbi çevriliş ərəfəsində referendum keçirilsəydi Türkiyə daha ciddi zərbə alardı. Bu zaman o, İranın təhriki ilə Başikadan türk əsgərlərinin çəkilməsini istəyən Bağdad rejiminin sarsaqlığına qarşı Barzaniyi müdafiə etməli oldu və düz etdi”.

Mürtəza Bünyadlı

Gununsesi.info