

Ankarada Rusiya səfirinin öldürülməsini dünyanın geosiyasi və geoiqtisadi maraqlar uğrunda savaşında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar.
Artıq rus diplomatın öldürülməsinin bəzi təfərrüatları ortaya çıxmaqdadır. Düzdür, rus diplomatın öldürülməsində “bir güllə ilə bir neçə dovşan vurmaq” məsələsi gündəmdə olsa da, hədəf eynidir. Yaxın Şərq və Orta Şərq uğrunda gedən savaş.
Rus səfirini öldürənlərin əsas hədəfi isə Yaxın Şərqdə, xüsusən də Suriya və İraqdakı proseslərin episentrini Türkiyəyə köçürməkdir. Elə son günlərdə Türkiyədə diplomatın qətlinədək həyata keçirilən terror hadisələri bunun bariz göstəricisidir.
Konkret olaraq rus diplomatının qətlinə gəldikdə isə bu planı həyata keçriənlərin bir neçə hədəfi olub.
Birincisi, Türkiyə-Rusiya münasibətlərini pozmaq, ikincisi bu gün Rusiya, Türkiyə və İran XİN başçılarının Suriya məsələsində bir araya gələrək, bu problemin həlli istiqamətində səylərini birləşdirməsinin qarşısını almaq. Yəni, Yaxın Şərqdəki prosesləri daha da mürəkkəbləşdirməklə, Suriyadakı prosesləri Türkiyəyə köçürmək məqsədi dayanırdı. Və bu plan hələ son deyil.
Yaxın gələcəkdə bu planı həyata keçirən dairələr digər taktikalardan istifadə etməklə, Türkiyəyə sarsıdıcı zərbə vurmaqla daxili nizamı pozmağa çalışacaqlar. Türkiyədə siyasi yolla planlarını həyata keçirə bilməyən qüvvələr zor, terror yolu ilə planlarını reallaşdırmağa çalışırlar. Yəni, burada Türkiyədə Konstitusiya islahatlarının qarşısının alınması planı da var.
Ancaq rusiyalı diplomat Karlovun öldürülməsi bu planı gerçəkləşdirənlər ilk mərhələdə öz niyyətlərinə çata bilmədi. Yəni, Ankara-Moskva arasındakı gərginliyə nail ola bilmədilər. İkincisi, Rusiya, Türkiyə və İran XİN başçılarının Suriya məsələsi ilə bağlı görüşünə və bu problemin həlli ilə bağlı gələcək əməkdaşlığa da əngəl ola bilmədilər. Necə deyərlər, tərəflər son proseslərə soyuqqanlı yanaşdılar. Çünki tərəflər münasibətlərin pozulması istiqamətində belə çirkin planların həyata keçiriləcəyini yəqin edirdilər.
Rusiya prezidenti Vldaimir Putin Ankaradkı səfirin qətlə yetirilməsini iki ölkə arasındakı münasibətlərin normallaşmasının və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribat adlandırmaqla, baş verən hadisələrə aydın mövqeyini ortaya qoymuş oldu. “Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər – beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi”- deyə, Rusiya prezidenti qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da bu qətlin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını pozmağa yönəlmiş addım olduğunu, lakin tərəflərin bu təxribata uymayacağı ilə bağlı fikirlərinin üst-üstə düşdüyünü deyib:
“Rusiyanın Türkiyədəki səfirini qətlə yetirilməsinə əsas məqsəd Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesini pozmaq və iki ölkənin Suriyada terrorçuluğa qarşı effektli mübarizəsinə yol verməməkdir”.
Rusiya XİN başçısı isə deyib ki, bu planı gerçəkləşdirənlər məqsədlərinə çatmayacaq.
Rusiya XİN təmsilçisi Mariya Zaxarovanın açıqlaması isə demək olar ki, baş verən proseslərə aydınlıq gətirmiş olur.
Belə ki, Mariya Zaxarova açıqlamasında Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlov Suriyada sülüh əldə olunması üçün müxalif qüvvələrlə, yəni, Əsəd rejiminə qarşı olan qüvvələrlə əlaqə qurduğunu və onlarla dialoqda olduğunu dilə gətirib.
M. Zaxarova bildirib ki, Anderey Karlov suriyalı müxalif qüvvələrlə təmasda idi və Suriyada sülhün əldə edilməsi üçün onlarla mütəmadi əlaqə saxlayır və danışıqlar aparırdı. “Karlov Suriyada slühün əldə olunması üçün əlindən gələni edirdi və bu istiqamətdə müəyyən uğurlar da var idi”- deyə, o , bildirib.
Odur ki, istər Ankara, istərsə də Moskva baş verənlərin fərqində olduğundan və diplomatın öldürülməsinin səbəblərini bildiklərindən münasibətlərin gərginləşdirilməsindən qaçmağa və ölkələrə arasında münasibətlərə xələl gətirilməməsinə çalışacaqlar.
Ancaq proses bununla bitəcəyinə ümid etmək yanlışlıq olar. Bundan sonra da Türkiyəyə yönəlik planlar davam edəcək. Çünki Suriya, İraqdan fəqrli olaraq Türkiyəyə yönəlik planlarda bölgədə marağı olan güclərin hamısının maraqları üst-üstə düşür.
Elə son rusiyalı diplomatın ölümündən də tərəflər ancaq öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Moskva Ankaranı daha çox özünüə cəlb edib, şərtlərini diqtə etmək, İran öz maraqlarını, Qərb və Amerika öz maraqlarını və planlarını həyata keçirmək üçün çalışacaq. Burada məqsəd də aydındır: Türkiyə ilə bağlı qorxunc planlarını həyata keçirə bilmədikdə belə, Türkiyəni zəiflətməklə bölgədəki proseslərdən kənar tutmaq.
Ona görə də hələ ki Türkiyəni böyük sınaqlar gözləyir. Bu proses ən azından Türkiyədə Konstitusiya islahaltları başa çatanadək davam edəcək.
Mürtəza Bünyadlı
Gununsesi.info