
Bu gün Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
Gununsesi.info xəbər verir ki, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in hüquqlarının müdafiəsinə yeni qoşulan Fuad Ağayev iştirak edib. Vəkil prosesi başlamazdan öncə vəsatət qaldırıb ki, işlə tanış deyil, ona görə məhkəmə prosesi iki həftə müddətində təxirə salınsın.
Məhkəmə vəsatəti qismən təmin edib və iclas qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Məhkəməni ABŞ-ın və digər Qərb ölkələrinin Azərbaycandakı səfirliklərin əməkdaşlarıda müşahidə ediblər.
Məhkəmədən sonra jurnalistlər qarşısına çıxan ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev bildirib ki, biz hələdə inamlarımızı itirməmişik: “Artıq yaranmış vəziyyətlə bağlı sular durulmağa başlayıb. Hətta Türkiyə höküməti ilə yaxınlığı ilə seçilən “Star”qəzetidə ANS-in bağlanmasını narazılıqla qarşılayıblar. Dərc etdiklər yazıda bildiriblər ki, ANS-in bağlanmasının FETÖ ilə hər hansı bir əlaqəsi ola bilməz. Çünki ANS hər zaman Azərbaycan və Türkiyə maraqlarını üstün tutub”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.
Gununsesi.info