
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılıb.
Gununsesi.info-nun məlumatına görə,Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib. MTRŞ-nin nümayəndəsi Toğrul Məmmədov bildirib ki, 2016-cı ilin iyulun 15 -də Türkiyədə dövlət çevrilişi ilə bağlə dəhşətli cinayət baş verib. ANS bu cinayəti hakimiyyətin şousu kimi qiymətləndirib. Terrorçuların bəyanatı efirdən dəfələrlə səsləndirilib. Terrorçu Fətullah Güləndən Vaşinqton bürosunun rəhbəri müsahibə alıb və həmin müsahibənin axşam efirində veriləcəyi anons edilib. Bundan əlavə ANS il ərzində 4 dəfə sanksiya tətbiq olunub. Göstərilənləri nəzərə alaraq 25 oktyabr 2013-cü ildə ANS verilmiş lisenziyaya xitam verilməsini xahiş edirik.
Prosesdə çıxış edən ANS hüquqi nümayəndəsi Sevda Məhərrəmova isə qeyd edib ki, 2016-cı ilin iyun ayında Lisenziyalar haqqında qanuna edilmiş dəyişikliyə əsasən lisenziyanı verən və alan orqan İqtisadiyyat Nazirliyidir. MTRŞ-nin belə bir xitam verməklə bağlı iddia qaldırmaq hüquqi yoxdur. MTRŞ sadəcə nəzarətedici orqandır. MTRŞ müvafiq nazirliyə müraciət edib həmin nazirlik tərəfindən iddia qaldırıla bilərdi. Bundan əlavə, prokurorluqda hazırda cinayət əməlinin olub olmaması ilə bağlı məsələ araşdırılır. Prokurorluğun yekun qərarı olmadan da iddia ilə bağlə məsələ qaldırıla bilməz. Üstəgəl sizə təqdim olunan disklər bizə nümayiş etdirilməlidir və iddiaçı tərəf izah etməlidir ki, harada terror təbliğ olunub.
Beləliklə, məhkəmə ANS-lə bağlı qərar verib. Qərara alınıb ki, MTRŞ-nın ANS-in lisenziyasının ləğv olunması ilə bağlı verdiyi iddia təmin olunsun. Beləliklə, telekanalın lisenziyasına xitam verilib.
ANS tərəfi isə qərara etiraz olaraq Ali Məhkəməyə müraciət edəcəklərini bəyan edib.
Gülnaz Qənbərli
Gununsesi.info