
Sabir Rüstəmxanlı: “Bu kanalın bağlanmasının hesabatı verilməlidir”
“Park İnn” hotelində “ANS: Müstəqil dövlətmizin 25 ili” mövzusunda Yaddaş axşamı” adlı tədbir keçirilib. Gununsesi.info-nun xəbərinə görə, Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan liderlərin, ölkənin tanınmış ziyalılarının, ictimai xadimlərinin və Qərb ölkələrinin Bakıdakı diplomatlarının da qatıldığı tədbirdə müstəqillik mövzusu ilə yanaşı ANS-in qapadılmasını qınayan çıxışlar edilib.
Azərbaycan dövlət himninin səsləndirilməsi, və şəhidlərin xatirəsinin yad edilməsiylə başlanan tədbirə moderatorluğu ANS-in taninmış siması Mirşahin Ağayev edib.
Onun sözlərinə görə, tədbirin məhz bu günə təşkil edilməsinə səbəb 1991-ci il dekabrın 25-də SSRİ prezidenti Mixail Qorbaçov öz vəzifəsindən istefa verməsi faktıdır: “Bununla da SSRİ-nin sonu oldu. Ancaq de-yure olaraq Azərbaycan müstəqil olmaqdan ötrü müəyyən addımlar atmalı idi. Çünki əslində 1991-ci ilin oktyabr ayında Azərbaycanın Konstitusiya Aktına düzəliş etməklə, müstəqilliyini elan eləmişdi. Dekabr ayının 29-da Azərbaycanda SSRİ-nin tərkibindən çıxmaqla bağlı referendum keçirildi və bununla da Azərbaycan rəsmən müstəqil oldu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyi münasibəti ilə burada oturan bütün tarixi şəxsiyyətləri təbrik edirəm. Çünki onlar müstəqilliyin əldə olunmasında bilavasitə iştirak ediblər. Onların da simasında Azərbaycan xalqını, dövlətini təbrik edirəm”.
Mir Şahin Ağayev həmçinin vurğulayıb ki, burada ANS-in fəaliyyətindən deyil, ölkənin müstəqillik tarixindən və onu necə qazanmağımızdan danışmağa toplanmışıq.
ANS-in yaranma tarixini xatırladan VHP sədri Sabir Rüstəmxanlı “vətənpərvər gənclər” adlandırdığı Vahid Mustafayevin, Mirşahin Ağayevin və Çingiz Mustafayevin o zamankı dövrdə xidmətlərini xatırlatdı. Onun sözlərinə görə, ANS Azərbaycanın həm də tarixini yaradıb. Bununla belə telekanalın qapadılmasının yolverilməz olduğunu deyən Sabir Rüstəmxanlı bildirib ki, bu kanalın bağlanması təəccüb doğurur: “ANS son illər bu hakimiyyətə daha çox yaxın olub. “İlin adamı” mükafatlarını hakimiyyət rəsmilərinə verib. Belə olan halda bu telekanalı bağlamaq nəyə lazımdır. Sanki biz 20 il öncəyə qayıdırıq. ANS-in yenidən fəaliyyəti üçün ziyalılar öz sözünü deməlidir”.
VHP sədrinin sözlərinə görə, müstəqilliyimiz Azərbaycana baha başa gəlib: “Çox şəhidlər vermişik. Amma vətənimizi qorumuşuq. 1990-cı illər çox çətin dövr idi. Bu dövrdə medianın da rolunu danmaq olmaz. Xalq meydanlarda baş verənləri ANS-dən öyrənirdi, görürdü. Bu baxımdan ANS Azərbaycan televiziyasının pioneri, millətin səsi idi”.
Milli Azadlıq Hərəkatının liderindən biri Etibar Məmmədov isə bildirib ki, xalq 1990-cı illərdə baş verən bütün hadisələri ANS-in kamerasından görüb: “Azərbaycanın müstəqilliyi ilə ANS-in 25 illiyi birlikdə qeyd olunmalıdır”.
Millət vəkilləri Elmira Axundova, Aqil Abbas, Fazil Mustafa, Fəzail Ağamalı, Rasim Musabəyov ANS-in Azərbaycan qarşısındakı xidmətlərindən danışdı. Onlar da bu kanalın bağlanmasının yolverilməz olduğunu dedilər.
ANS Şirkətlər qrupunun vitse-prezidenti Seyfulla Mustafayev isə Azərbaycan xalqının müstəqillik müqavimətinin tarix boyu davam etdiyini, heç vaxt dayanmadığını bildirdi.
Onun sözlərinə görə, SSRİ dönəmində də müstəqillik müqaviməti müxtəlif forma və şəkillərdə aparılırdı.
Tədbirdə çıxışlarla yanaşı böyük monitorda ANS-in Qızıl Fondunda saxlanılan Azərbaycanın ən yeni tarixinin kadrları nümayiş olunurdu.
Daha sonra söz ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevə verildi. O, Azərbaycanın müstəqillik yolunda medianın rolu barədə danışdı.
“O dövrdə meydanlarda baş verənləri xalqa çatdırmaq mühüm məsələ idi. ANS-in yaranmağının əsas məqsədlərindən biri ölkədə baş verənləri dünyaya çatdırmaq idi. Çətin dövrlər idi. Çünki blokada vəziyyətində idik. Heydər Əliyevin xalq üçün gördüyü işləri, Naxçıvan Muxtar Respublikasının parlamentində Azərbaycan bayrağının dalğalandırılmasını biz jurnalistlər bütöv Azərbaycana çatdıra bildik”, – V.Mustafayev deyə bildirdi.
Gununsesi.info