Aokigahara meşəsi - LƏMAN ƏLƏŞRƏFQIZI İNTİHARLARDAN YAZIR (FOTOLAR)

  • By admin
  • 12 Yanvar 2017 17:16

leman

Bu yazını bir facebook dostumun mənə yazdığı mesajdan təsirlənib yazıram. Müəllimdir, şairdir, ən əsası gəncdir və iki uşaq atasıdır. İki gün əvvəl mənə mesaj yazaraq, intiharın bir addımlığında olduğunu dedi. Ona faydalana biləcəyi nələrsə dedim, hər birimizin həyatında çətin mərhələ olduğundan danışdım. Buna baxmayaraq , dünən onun intiharla bağlı şerlər paylaşmasını gördüm. Azərbaycanda intiharların sayı durmadan artır. Xəbər lentinə baxıram. Suraxanıda özünü yaşadığı binanın 3-cü mərtəbəsindən atan gənc qız 17 günün tamamında xəstəxanada dünyasını dəyişib. Nərimanov rayonu Nəsib bəy Yusifbəyli 41 ünvanında 1969-cu il təvəllüdlü Azər Süleymanovun asılmış meyidi aşkar olunub. Ata övladının ad günündə canına qıyıb. Bu yazını yazdığım müddətdə əmin idim ki, daha bir nəfərin də canına qıyacağı xəbərini oxuyacam. Elə də oldu.

Xəbərlərə göz gəzdirdim ki, budur, Neftçalanın Aşağı Surra kəndində də ailənin tək övladı, 17 yaşlı Coşqun Bəşirov özünü köhnə bir tikilidə asıb. Bu halımızla bizgünü-gündən Aokigahara meşəsininsakinlərinə oxşayırıq. Yəqin Yaponiyanın məşhur intihar meşəsi haqqında eşitmisiz. Eşitməyənlərə danışacam. Aokigahara meşəsi Yaponiyanın Fuci dağlarının ətəyində yerləşir. Vulkanik mənşəli bu məkan sıx meşəlikdən ibarətdir. O qədər sıx ki, bura Buz Mağarası və Külək mağarasını görməyə gələn turistləri asanlıqla buz kimi əridə, külək kimi sovura bilər. Yəni, sıx meşəlikdə yolu azmaq hər an başa gələn hadisədir və bu səbəbdən də buranı ziyarət edən turistlər geri qayıda bilmək üçün yola nişanələr qoyurlar. Aokigahara Yer üzünün ən tükürpədici meşələrindən biri sayılır. Yapon mifologiyasına görə, bura iblisin himayəsi altındadır. Amma mifologiyanı bir kənara qoyub real faktlardan danışsaq görərik ki, iblis burda xüsusilə 1960-cı ildə yazılan bir kitabdan sonra peyda olub. Söhbət məşhur yapon yazıçısı Seicho Matsumatonun “ Ağaclar Qara dəniz” (“Black sea of trees”) adlı əsərindən gedir. Həmin əsərin sonunda müəllif iki sevgilini intihar etmək üçün Aokigahara meşəsinə yollayır. O vaxtdan etibarən Aokigahara meşəsi yapon xalqının intihar etmək üçün getdikləri məskən olur. 1960-cı ildən ta 1988-ci ilə qədər bu meşədə hər il yüzlərlə adam intihar edib. Ondan sonra da vəziyyət düzəlməyib. Məsələn, 2004-cü ildə 108, 2010-cu ildə 57 adam bu meşədə canına qıyıb. Ağaclardan asılmış cəsədlər, insan skeletləri , dərman qabları, kolluqlarda çürümüş insan bədənləri , intihar edənlərin yaxınlarının qoyduğu güllərin çürümüş qalıqları ərimiş şam qalıqları ilə birgə meşənin hüznlü mənzərəsini tamamlayır. Bu meşə ilə bağlı bizim cəmiyyətdə informasiya varmı-yoxmu bilmirəm, heç Matsumatonun əsərinin dilimizə tərcüməsinin olub-olmadığını da. Amma bu meşədə baş verənlərə oxşar təcrübə bizdə olub. Əgər xatırlayırsızsa, bir-iki il əvvəl Xaçmaz meşəsində biri-birini sevən iki məktəbli – Nərgiz Tağıyeva və Vasif Quliyev özlərini asmışdılar. Səbəb kimi də valideynlərinin Nərgizi Rusiyada yaşayan qohumlarına nişanlamaları göstərilirdi. Bəli, hətta çoxlarına ən adi görünən səbəbin özü də intihar üçün əsas ola bilər. 16 yaşlı Nərgizlə Vasifin də “Aokigahara meşəsi” Xaçmaz meşəsi oldu.Onları bu meşəyə göndərən bizim matsumatolarımız-yazıçılarımız deyildi, onlar ürəklərinin qərarı ilə bu meşəni intihar üçün seçmişdilər. Hər kəs intihar edə bilər, hər şey intihar üçün əsas ola bilər. Əgər dünyaya meydan oxuyan Yaponiyada belə intihar meşəsi varsa, bizdə də olacaq əlbəttə. Buna təəccüblənmirəm. Sadəcə adamların laqeydliyinə təəccüblənirəm. Məncə intihar həddinə çatan şəxs ətrafına hansısa formada mesaj ötürür. 1 gün qabaq, 5 gün qabaq, bir ay qabaq. Onun ruhi vəziyyətini görüb qarşısını almaq olmazmı? Olar məncə. Bu statistikanı mütləq azaldar. Bu gün facebooku açan kimi ilk işim mənə intihar mesajını göndərən dostumuzun səhifəsinə baxmaq oldu. Gördüm ki, 2 yaşlı oğluna yazdığı şeri paylaşıb. Beş günlük dünyanın iki ilini uğurla qət etmisən Sən özünlə məni də həyata gətirmisən Yenidən yeriməyi öyrənmək bir başqa olurmuş Sən demə atalar yıxılanda övladlarından tuturmuş..

Yanvarın 22-si onun körpəsinin 2 yaşı tamam olacaq. Məncə bir atanın balasına ən yaxşı hədiyyəsi elə bu şerdir.

Daha özünü asmaq yox!

meşə

mese mese1 mese2

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info