
Bu gün Bakı Apellyasiya Məhkəməsində ADR Partiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “siyasi partiyanın dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə iddia ərizəsinə baxılacaq.
Bunu Gununsesi.info-ya açıqlamasında ADR lideri Qubad İbadoğlu deyib.
“Bilirsiniz ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatına alınmasına dair müraciətini Ədliyyə Nazirliyi son 2 ildə 6 dəfə qanunsuz olaraq geri qaytarıb. ADR Partiyası bununla əlaqədar olaraq ikinci dəfədir ki, məhkəmələrə üz tutur”.
Partiya sədri Apellyasiya Məhkəməsinin obyektiv qərar verəcəyinə inanmadığını da deyib: “Azərbaycan məhkəmələrindən qanuna hörmət və onun aliliyini təmin etmək sahəsində gözləntimiz yoxdur. Sadəcə bu işin perspektivini Avropa İnsan Haqları Məhkəməsində (AİHM) görürük. Odur ki, yerli məhkəmələrdə işə baxılması zəruridir. Lakin son zamanlar məhkəmələr ötür-ötür oyunu ilə bu prosesi də ləngidirlər. Məqsəd AİHM-ə Azərbaycandan şikayətlərin sayını azaltmaqdır. Mübarizəmiz sonadək davam edəcək”.

Mais
Gununsesi.info