Apellyasiya Məhkəməsi Mövlam Şıxəliyevin işini birinci instansiyaya qaytarıb

  • By admin
  • 22 Noyabr 2022 13:17

Bu gün Bakı Apellyasiya Məhkəməsində İlqar Murğuzovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN)  İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayoru Mövlam Şıxəliyevin apellyasiya şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, məhkəmə  işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarıb.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov Gununsesi.info-ya  açıqlamasında bildirib ki, buna səbəb apellyasiya şikayətinin verilmə müddətinin ötürülməsi olub: “Eyni zamanda, vəkil məhkəməyə bir sıra vəsatətlər təqdim etdiklərini bildirib. Lakin iş geri qaytarıldığı üçün həmin vəsatətlər baxılmamış saxlanılıb. Qərar verilib ki, cinayət işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən tərəfinin vəsatətlərə baxılsın”.

Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

 

Mətləb Yaqubov

Gununsesi.info