Aprel döyüşləri Azərbaycanın hərb tarixinə şanlı zəfər kimi yazılıb

  • By admin
  • 03 Aprel 2022 10:30

“Aprel döyüşləri Azərbaycanın hərb tarixinə şanlı zəfər kimi yazılıb. Azərbaycan məhz Aprel döyüşləri zamanı yeni taktiki üsullardan istifadə edərək düşmənin alınmaz hesab olunan Ohanyan səddini keçə bilib və faktiki olaraq düşməni çaşqınlığa salıb. Cəmi 4 gün ərzində düşmənə zərbə endirməyi bacaran Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini, Suqovuşan-Ağdərə istiqamətində olan yolları tam nəzarətə götürüb. Nəticədə Azərbaycanın nəzarətə götürdüyü yollar Cocuq Mərcanlı qəsəbəsinin salınmasına imkan verib”.

Bu sözləri Publika.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın Aprel döyüşlərində əldə etdiyi zəfər nəticə etibarilə 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinə zəmin yaratdı: “Bundan başqa, həmin uğurlarımız cəmiyyət arasında ruh yüksəkliyinə səbəb oldu, vətəndaşlar bir daha əmin oldular ki, münaqişə sülh yolu ilə həll olunmadığı təqdirdə hərb yolu ilə torpaqlarımızı işğaldan azad edəcək, erməni quldur dəstələrini ərazilərimizdən qovub çıxara biləcəyik. Bu gün Aprel döyüşlərindən artıq 6 il keçir. Biz həmin döyüşlər zamanı şəhidlər verdik, Allahdan şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyirik. Çox xoşbəxt xalqıq ki, torpaqlarımızı işğaldan azad edə bilmişik və güclü orduya sahibik. Əlbəttə ki, biz gücümüzə daim güc qatmalı, Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik ki, düşmən bir daha bizim torpaqlarımızın işğalı xülyasına düşməsin və Azərbaycan Ordusu təhlükəsizliyimizi və ərazi bütövlüyümüzü hər zaman qoruya bilsin”.

Gununsesi.info