2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova və tanınmış jurnalist, aprel şəhidlərimizdən bəhs edən “Qalibiyyət, şahidlər və şəhidlər” kitabının müəllifi Aida Eyvazlı qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin ailəsini ziyarət edib.
Gununsesi.org-un əmlumatına görə, ziyarət zamanı Nəcibə Axundova və Ceyran Axundova ailəyə təsəlli olmağa çalışıblar.
Nəcibə Axundova pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovaya baş sağlığı verərək deyib ki, bundan sonra özünüzdə güc tapmağı bacarmalısız:
“Eynilə sizin yaşadıqlarınızı mən də yaşamışam. Ailə başçısını, sevdiyin insanı itirməyin nə demək olduğunu çox yaxşı anlayıram. İtki elə hissdir ki, nə qədər təsəlli verənlər olsa da, bu yaranı heç nə ovundura bilmir. Çalışın, ayaqda durun. Bundan sonra ancaq övladlarınızın gələcəyini düşünün. Möhkəm olmağınız çox önəmlidir. Bundan sonra övladlarınızın sizə daha çox ehtiyacı olacaq. Səbrli olun!. Vətən sağ olsun!”.
Ceyran Axundova da pilot Rəşad Atakişiyevin anası Tatyana Atakişiyevaya övlad itkisinin sağalmaz dərd olduğunu deyib:
“Mən də övlad itirmişəm. O da vətən yolunda şəhid olub. Övlad dərdini heç nə təsəlli edə bilməz. Bu dərd ölənə qədər bizimlədir. Allah səbr versin!”
Jurnalist Aida Eyvazlı mərhum pilotumuz Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyevaya kitabını ərməğan edərək, “şəhidlər ölməz, vətən bölünməz” sözlərini səsləndirib:
“Biz media işçiləri olaraq hər zaman yanınızdayıq. Pilotumuz RəşadAtakişiyev bütün Azərbaycanın oğludur. Hər zaman qəlbimizdə yaşayacaq”.
Arayış: Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. “Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib.
R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötən ilki Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.
Rəşad Atakişiyevin 2 oğul övladı var. Birinin 3, digərinin 7 yaşı var.
Gununsesi.org