
Astara rayonunun Asxanakaran kənd tam orta məktəbində aprel döyüşlərində şəhid olmuş gizir Pəncəli Teymurovun doğum günü ilə bağlı keçirilən tədbirdə igid döyüşçünün xatirəsi ehtiramla anılıb.
Gununsesi.info xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Rəşad Mahmudov, Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova, rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, müəllimlər və məktəblilər iştirak ediblər.
Anım tədbirində çıxış edənlər gizir Pəncəli Teymurovun aprel döyüşlərində göstərdiyi şücaətdən, igidliyindən danışaraq, onun ömür yolunun gəclərə örnək olduğunu bildiriblər.
Məktəbin şagirdləri tədbirdə hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Tədbir iştirakçıları şəhid Pəncəli Teymurovun məzarını və ev muzeyini ziyarət ediblər.
Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Asxanakaran kənd orta məktəbində təhsil alıb. O, 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq 17 il Milli Orduda xidmət edib.
Hərbi tapşırıqları uğurla yerinə yetirdiyinə görə gizir Pəncəli Teymurov 2015-ci ildə Prezidentin Sərəncamı ilə “İgidliyə görə”, aprel döyüşlərindəki misilsiz şücaətinə görə isə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Gununsesi.info