Aqil Abbas həkim reklamına qarşı - MİLLƏT VƏKİLİ TELEKANALLARI GÜNAHLANDIRIR

  • By admin
  • 07 May 2018 16:04
“Mən sovet höküməti dağılana qədər iki mətbuat orqanında yüksək vəzifədə çalışmışam. Həmin dövrdə həkimlər haqqında yaxşı yazılar vermək və tərifləmək qadağan idi”
Gununsesi.info bildirir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas son zamanlar telekanallarımızda həkimlərin və dərman preparatlarının aşırı reklam olunmasına münasibət bildirərkən deyib. A.Abbas bildirib ki, belə reklamlar insanları çaşdıra bilər:
“Mən sovet höküməti dağılana qədər iki mətbuat orqanında yüksək vəzifədə çalışmışam. Həmin dövrdə həkimlər haqqında yaxşı yazılar vermək və tərifləmək qadağan idi. Məsələn, kənddə kimsə o yazını oxuyardı və hamı o həkimin yanına gedə bilərdi və həmin həkim də səhv edə bilərdi. Sovet mətbuatına nəzər salsaq görərik ki, Azərbaycanın böyük həkimləri var. Məsələn, onlardan biri Adilə Namazovadır. Bu həkimlərdən çox nadir hallarda müsahibə alınardı. Bunu ona görə edirdilər ki, insanlar çaşmasınlar. Cavadzadə kimi Azərbaycanda həkim olub. Dünyanın indi elədiyi böyrək əməliyyatını o, o vaxtlar edib. Sovet mətbuatına nəzər salsaq görərik ki, Cavadzadə haqqında ən çoxu iki və ya üç məqalə çap olunub”. 
A.Abbas efirlərimizi başına götürən günəbaxan tumu, kolbasa və alkqollu içkilərin reklamına da münasibət bildirib: “Belə şeylərdə diqqətli olmaq lazımdır. Bütün günü telekanallarımızda dərmanları reklam edirlər. Bu gün saxta dərmanları qəbul edən o qədər insan ürək tutmasında dünyasını dəyişir. Çox maraqlıdır, telekanallarımız öz verilişlərinə niyə Əhliman Əmiraslanovu və Rəşad Mahmudovu dəvət etmirlər? Əhliman həkim xərçəng xəstəliyi ilə mübarizə aparır. Rəşad həkim isə ürək köçürməsi ilə məşğul olan çox məşhur həkimdir. Siz görmüsünüzmü bu insanları bir dəfə efirə çağırılsınlar? Siz indiyə kimi görmüsünüzmü telekanallarda “Mercedes” markalı avtomobil reklam olunsun? Buna gərək yoxdur. Çünki hamı bilir ki, bu necə avtomobildir. Həkimlərin reklam olunması özəl klinikaların günahı deyil. Onlar nə bilsinlər ki, onun təqdim etdiyi həkim necə bir adamdı. Efirdə halal kolbasa reklam edirlər. Kolbasanın və arağın halalı-haramı olur? Gündə beş yüz dəfə telekanallarımız reklam edir ki, tum çırtlayın. Tum çırtlamağın özü mədəniyyətsizlikdi”.