Aqil Abbas Prezidentin əfv sərəncamından yazdı - BU QƏRARIN MİTİNQƏ NƏ DƏXLİ...

  • By admin
  • 18 Mart 2019 23:09

Ən müqəddəs milli bayram saydığımız Novruz bayramı ərəfəsində Möhtərəm Prezident İlham Əliyev humanistlik göstərərək 431 məhbusu əfv edərək ailələrinə qovuşdurdu. 3 nəfər ömürlük məhbusun isə cəzalarını – birininkini 25 ilə, digər iki nəfərinkini isə 20 ilə endirdi. Bu da onların tezliklə ailələrinə qovuşması deməkdi. Bu sərəncam ölkə əhalisi tərəfindən böyük minnətdarlıqla qarşılandı.

Həmin gün mən Ağcabədidəydim, kəndlərdəydim. Seçicilərlə görüşürdüm. Hamısı xahiş edirdi ki, onların təşəkkürünü Möhtərəm Prezidentə çatdırım. Hərçənd ki həmin seçicilərin heç birinin məlum sərəncama aidiyyatı yox idi. Sadəcə olaraq, azadlığa buraxılanların ailələrinin sevinclərinə öz sevincləri ilə şərik olurdular.

İndi gələk mətləbə. İki gündü qəzetləri, saytları, sosial şəbəkələri izləyirəm. Hamı Möhtərəm Prezidentin bu sərəncamını alqışlayır. Dövlət başçısı bu sərəncamı heç də o alqışlardan, minnətdarlıqlardan ötəri atmayıb. Özünün Konstitusion hüququndan istifadə edərək geniş ürəkli bir dövlət adamı kimi, humanistliyindən belə bir addımı atıb. Və təbii ki, bu dövlət başçısının birinci addımı deyil. Və sonuncu da deyil. İlham Əliyev indiyədək belə 32 sərəncam imzalamışdı. Amma bəzi siyasilər, eləcə də qələm adamları bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı. Sərəncamın özünə bir kölgə salırlar.
Müxalifət bunu özünün qələbəsi kimi təqdim etməyə çalışır. Guya mitinq eləməsəydilər nə ölkədə böyük islahatlar olardı, nə də bu məlum sərəncam. Hətta Əli İnsanov əfv olunduğuna görə ABŞ-a təşəkkür edir. Bu 14 ildə ABŞ hardaymış?

Mən dünya əhəmiyyətli layihələri bir tərəfə qoyub, daxildə gedən iqtisadi-siyasi islahatlardan danışmaq istəyirəm.
İlham Əliyevin hakimiyyətə gəldikdən sonra ölkə ərazisinin 95 faizi qazlaşdırılıb, yaxın bir-iki ilə də ölkə bütünlüklə qazlaşdırılacaq. Əhaliyə yüz faiz kəsintisiz elektrik enerjisi verilir. Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib. Dünyanın heç bir ölkəsində kənd əməkçilərinin istifadəsində olan artezianlara sərf edilən elektrik enerjisini dövlət öz üzərinə götürməyib – yalnız Azərbaycandan başqa. Mən hələ kəndlilərə əkin üçün ayrılan subsidiyalardan danışmıram, yanacaq təminatından danışmıram. Eləcə də su qiymətinə verilən gübrələri də.

Uzağa getməyək, qardaş Türkiyə kimi qüdrətli bir dövlət neçə illərdi bu addımı atmağa çalışır, amma ata bilmir. Ona görə də ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti çox yüksəyə qalxıb və Türkiyə kənd təsərrüfatı məhsullarının ixracatçısından idxalatçısına çevrilib.

Möhtərəm Prezident elə regionların sosial və iqtisadi inkişafı ilə bağlı 3 sərəncam imzalayıb. Və bu sərəncamdan irəli gələn məsələlərin hamısı da həllini tapıb. Rayonlar həm iqtisadi cəhətdən güclənib, 30-dan çox rayon dövlətdən heç bir dotasiya almır, həm də sosial baxımdan regionlarda böyük inkişaf gedir. Min kilometrlərlə yeni yollar çəkilib. Kənd arası yollar da sürətlə yenilənir. Regionlarda nə qədər yeni istehsal sahələri, fabrik və zavodlar açılıb. Bu da əhalinin işlə təmin olunması deməkdi.

Möhtərəm Prezident hakimiyyətə gələn gündən demişdi ki, ölkədə bir qaçqın şəhərciyi də qalmayacaq. Bu gün bir dənə də belə çadır şəhərciyi yoxdu. Bu şəhərciklərin hamısı abad qəsəbələrə çevrilib. 300 mindən artıq qaçqın müasir mənzillərlə təmin olunub.

Şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, əlillərə qayğı həmişə dövlət başçısının diqqətində olub. Onların da mənzil problemlərinin həllində böyük addımlar atılıb.

Hər il dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlarda maaşlar artırılır. Yeri gəlmişkən, qaçqın və məcburi köçkünlərin kommunal xərclərini də dövlət öz üzərinə götürüb. Hər ay məcburi köçkünlərin çörək pulları üçün dövlət tərəfindən nə qədər vəsait ayrılır.

Təhsil sahəsində gedən islahatlarda elə təkcə 3 minə yaxın məktəb yenidən tikilib, ya da dünya standartlarına cavab verən təmir işləri aparılıb. Ən müasir avadanlıqlarla, kompüterlərlə, laboratoriyalarla təmin olunub. Təbii ki, I vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır və yüksək qiymətləndirilməlidir.
Bakı, Gəncə, Naxçıvan Avropanın ən gözəl, ən müasir şəhərləri ilə müqayisə olunacaq dərəcədə inkişaf edib.
Elm, mədəniyyət, incəsənət sahələrində də böyük islahatlar həyata keçirilib.

Niyə bu məsələlərə toxundum? Ölkədə 16 ildir islahatlar həyata keçirilir, əfv sərəncamları verilir, amnistiya aktları qəbul olunur, bunun yanvar ayında keçirilən mitinqə nə dəxli?

Bu sadaladığımız islahatları kimlərinsə sözləri ilə həyata keçiriblər?!

Ölkənin əsas bir problemi qalır – Qarabağ problemi. Onu da inşallah, savaşla, böyük bir savaşla həll edib torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin işğalından azad edəcəyik. Və həmişə demişəm və yenə də deyirəm, bu problemi ATƏT-matətin yox, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu xalq həll edəcək. Və yenə deyirəm, savaşla! Buna gücümüz də var, qüdrətimiz də!

P.S. Həmin siyahıda qələm dostumuz Seymur Həzini də görmək istərdim. İnşallah, o da cəzasının üçdə iki hissəsindən çoxunu çəkib. Onun da azadlığa qovuşmasını Ədliyyə Nazirliyi qanunvericiliyə uyğun olaraq məhkəmə vasitəsilə təmin edəcəyinə inanıram.

Aqil Abbas, Milli Məclisin üzvü