“Aqrarkredit”in Beynəlxalq Bankla bağlı səlahiyyətləri niyə azaldıldı? - EKSPERT RƏYİ

  • By admin
  • 08 Noyabr 2017 16:00

Məlum olduğu kimi, prezidentin İlham Əliyevin fərmanı ilə səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” (ASK) Açıq Səhmdar Cəmiyyətinin yaradılıb. Fərmandan məlum olur ki, Azərbaycan Beynəlxalq Bankın  aktivlərinin idarəolunması yeni yaradılan ASC-yə həvalə olunacaq.

Belə ki, prezident İlham Əliyevin imzaladığı Fərmanda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  nizamnamə kapitalı ilə bağlı müddəa da var. Belə ki, sənədə əsasən “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilən, onun mülkiyyətində olan əmlak “ASK” ASC-nin mülkiyyətinə veriləcək.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bir ay müddətində “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə edilən, onun mülkiyyətində olan və “ASK” ASC-nin balansına veriləcək dövlət əmlakının siyahısı və həmin əmlakın ötürülməsi və idarəetməyə verilməsi mexanizmlərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim edəcək.

Fərmanda eyni zamanda deyilir: “Uğurlu inkişafın təmin edilməsi üçün növbəti dövrlərdə də, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balansına götürülən əmlakın daha səmərəli idarə olunması zəruridir”.

Burada maraq doğuran məsələ ASN-nin fəaliyyətinin Beynəlxaql Bankın ətrafında qalması ilə yekunlaşacaq, yoxsa coğrafiyasının daha da genişlənməsi imkanı qazanacaq. Söhbət səhmləri dövlətə məxsus digər iri şirkər və müəssisələrdən gedir.

İqtisadçı-ekspert Rəşad Həsənov Gununsesi.info-ya açıqlamasında bildirdi ki,  Azərbaycan Sənaye Korparasiyasının yaradılması uğurlu bir qərardır: “Faktiki olaraq, bu gün “Aqrarkredit”ə ötürülən aktivlərin böyük bir hissəsi sənaye müəssisələridir. Ümumiyyətlə, “Aqrarkredit”ə ötürülən problemli aktivlərlə bağlı ciddi narahatlıq var. Çünki bu qurumun şəffaflığı və hesabatlılığı zəifdir. Proseslərin üzərindən 2 il vaxt  keçsə də, sözügedən qurumun hesabatlılığı məlum deyil.  Ona görə də, “Beynəlxalq Bankı”ın problemli kreditlərın yığılmasında “Aqrarkredit”in effektivliyi təmin edəcəyini düşünmürəm. Yəni girov predmeti olan müəssisələrin idarə edilməsini, onun özəlləşdirilməsini təşkil edə biləcəyini düşünmürəm. Bunlar “Aqrarkredit”in imkanlarına uyğun olmayan məsələlərdir.  Həmin müəssisələrin işləkliyini təmin etmək istənilən halda mənfəətli və səmərəli addım olardı. Bu baxımdan “Azərbaycan Sənaye Korparasiyası”nın yaradılması doğru addımdır”.

Onun sözlərinə görə, “Aqrarkredit”in imkanları məhduddur, hər hansı bir müəssisənin fəaliyyətini təşkil etməsi onun funksiyasında deyil: “Bu prosesləri aparacaq vahid bir qurumun olması məqsədəuyğundur. Bu addım müəssisələrin yenidən Azərbaycan iqtisadiyyatına qayıtmasını təmin edəcək. Böyük ehtimalla dövlət müəssisələri olaraq o qədər də böyük gəlirlə işləməyəcək, amma ən azından iş yerləri açılıcaq”.

R.Həsənov ASC-nin çoğrafiyasının genişlənməsinə gəlincə cavab verdi ki, hələ ki, yeni yaradılan quruma “Aqrarkredit”dən kənarda hər hansı bir fəaliyyət sferası verilməyib: “Amma əgər bu qurum uğurlu nəticə ortaya qoyarsa, bu təcrübə gələcəkdə genişləndirilə bilər.  Yəni digər dövlət müəssisələrin nəzarətə götürülməsinə gedilə bilər. Prosesin nə dərəcədə uğurla nəticələnəcəyini söyləmək çətindir. Fərmanın özünü müsbət dəyərləndirmək olar. Amma effektivlik qurumun necə iş qurmasından, bacarığından asılı olacaq”.

Vüsalə Rüstəmova

Gununsesi.info