Aqşin Yenisey: “Yazı adamı xalqın istədiyini deyil, düşünə bilmədiyini yazmalıdır”

  • Müəllif: Orxan
  • 03 Avqust 2026 09:31

Yazıçı Aqşin Yenisey yazı və fikir adamının cəmiyyətdəki missiyası ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, yazı adamı oxucunun və ya xalqın istədiyini yazmamalıdır.

Yeniseyin fikrincə, bunu etmək yazı adamı üçün “mənəvi intihar” deməkdir.

“Xalqın istədiyi şey xalqın özünün düşünə və yaza bildiyi şeydir. Yazı, fikir adamı xalqın düşünə və yaza bilmədiyini düşünməli, xalqın yaza bilmədiyini yazmalıdır”, – deyə o qeyd edib.

Aqşin Yenisey hesab edir ki, əks halda, ortaya çıxan məhsul folklordan başqa bir şey olmayacaq.

Onun sözlərinə görə, cəmiyyət hələ də yazının bəşəri missiyasını tam dərk etmir.

Yazıçı vurğulayıb ki, yazının meydana çıxması insanı “uğultunun əsarətindən” xilas edib və barbarlıqdan mədəniyyətə, fundamentalizmdən sekulyarizmə keçid üçün yazıdan başqa vasitə yoxdur.

O əlavə edib ki, yazmayan cəmiyyət hansı əsrdə yaşamasından asılı olmayaraq barbar cəmiyyətdir və yazı adamının əsas öhdəliyi bu “vəhşi uğultunu” susdurmaqdır.

Yeniseyin fikrincə, yazı və fikir adamı da həmin uğultuya qoşularsa, ortaya çıxan mənzərə müasir Azərbaycan ədəbiyyatı, fəlsəfəsi və təhsilinin vəziyyətini əks etdirəcək.

Elmar

Gununsesi.info