Ara sakitləşən kimi Fərhad Əhmədovu cəzalandıracaqlar

Azərbaycanlı milyarder Fərhad Əhmədovla Rusiyanın ən məşhur prodüserlərinən biri, müğənni Valeriyanın əri İosif Priqojinin telefon danıhığının gizli dinlənilməsi nəticəsində hazırlanmış səs yazısının yayılmasından xeyli vaxt keçib.

Priqojinlə Əhmədovun sərt cəzalanması gözlənilirdi.

Çünki Rusiya Federasiyasının prezidenti Vladimir Putin həddən ziyadə kinli, qisasçı və ona qarşı deyilənlərt əsla unutmayan şəxs kimi tanınır.

Və əslində belədir.

Xatırladım ki, həmin telefon söhbətində Priqojinlə Əhmədov RF-nin dövlət başçısı V.Putini sərt tənqid və hətta təhqir ediblər, Kremldəki hakimiyyəti “yarıtmaz”, Putinin ətrafındakıları “tarakanlar” sayıblar və s.
Bu telefon söhbəti Rusiyada işğalçı müharibə aparan və artıq faktiki olaraq məğlub olmuş Rusiya Federasiyasının siyasi, habelə biznes elitalarında təşviş, qorxu, xof və pərişanlığın artdığını göstərir. Siyasətçilərlə biznesmenlərin tam əksəriyyəti Putinin ölkəni hansı uçuruma apardığını anlayırlar.

Cəmiyyətdə, xüsusilə də siyasi və biznes elitada belə “məğlubiyyətçi” əhval-ruhiyyənin yayılmasının qşarısını almaq üçünsə Kremlin repressiv aparatı var gücü ilə işləməyə başlayıb. Mediada propaqanda iyrənc forma alıb, “narazı”ların təqibləri güclənib və cəzaları artıb, kütlədə “qudurmuşların cavabı verilməlidir” fikri sürətlə təşviq edilməyə başlayıb.

Rusiyada indi çoxları ehtiyatla danışır, 25 il həbs cəzasına məhkum edilə biləcək siyasətçi Vladimir Kara-Murzanın taleyini təkrarlamaq istəmirlər.

İosif Priqojini isə başda Vladimir Solovyov olmaqla Kreml propaqandonları “potensial xəyanətkar” adlandırırlar.

Amma Kreml milyarder Əhmədovla prodüser Priqojinə qarşı sərt, amansız təqiblərə başlamayacaq.
Belə nümayişkanarə davranış səs yazısının gerçəkliyinin təsdiqi və Rusiyanın hakimiyyətinə zərbə olardı.
“Səs yazısı quramadır, feykdir, saxtadır” versiyası Kreml üçün daha sərfəlidir və çox yəqin ki, Rusiyanın dövlət qurumları bu versiyanı gündəmdə saxlayacaqlar.

Amma Əhmədovla Priqojin telefon söhbətin hesabını ödəməlidir və onların cavab davranışı Rusiyanın biznesmenləri ilə üzdə olan, tanınan adamları üçün görk rolunu oynamalıdır.

Çox yəqin ki, Fərhad Əhmədov yenə – növbəti dəfə – ödənişli müsaşibələr və yazılar dərc etdirərək özünü təmizə çıxarmağa can atacaq.

Priqojinlə arvadı Valeriyaya isə hakimiyyətə sədaqətlərini daha intensiv, daha bariz, daha aşkar şəkildə nümayiş etdirmək tapşırılacaq.

Məsələn, siyasi klouna çevrilmiş Dmitri Medvedyev kimi.

Ara sakitləşəndən sonra isə onları cəzalandıracaqlar.

 

Gununsesi.info