Arayik və digərləri də Ermənistana təhvil verilə bilərmi? - Fazil Mustafa açıqladı

  • By Admin2
  • 05 Fevral 2026 15:34

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarına hökm oxunub.

Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinə müxtəlif cəzalar kəsilib.

Belə ki, Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Arkadi Qukasyan və Bako Sahakyan isə 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməyib.

Məhkəmə hər iki təqsirləndiriləni 20 illiyə azadlıqdan məhrum edib.

Bu xəbərlər Azərbaycan ictimaiyyətində sevinclə qarşılansa da, suallar da doğurub.

Belə bir fikirlər də var ki, onlar da Ermənistana təhvil verilə bilər.

Bu cür düşünməyə əsas isə daha əvvəl Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyan Ermənistana təhvil verilməsi olub.

Maraqlıdır, bu hal yenə baş verə bilərmi?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputat Fazil Mustafa danışıb.

O bildirib ki, sülhlə bağlı məsələlər irəlilədikcə hər şey ola bilər.

“İnsanlar bundan qətiyyən hansısa bir pis nəticə çıxarmamalıdırlar. Böyük hədəfləri düşünəndə hansısa kiçik, əhəmiyyətsiz epizodlar üzərində başqa fikirlər cəmləmək, əslində, müəyyən problemlər də yarada bilər. İndi elə dövrdə yaşayırıq ki, Azərbaycan dövlətinin təhlükəsizliyi, maraqları bizim üçün daha vacibdir. Dövlətin maraqları tələb edərsə, ali məqsədə çatmaq üçün bu istiqamətdə də addımlar atmaqdan çəkinməməliyik. Bu, münasibətlərin inkişafından asılı məsələdir”.

Fazil Msutafa eyni zamanda deyib ki, gələcəkdə belə addımın olması sürpriz sayılmamalıdır:

“Təbii ki, bizim üçün əsas məsələlərdən biri də bu adamların cinayətlərini aşkara çıxararaq onlara qarşı iddialarımızı sübut etmək idi və məhkəmə də bunu göstərdi. Bu baxımdan, gələcəkdə hansısa bir təhvil vermə və başqa məsələlərin olması da sürpriz sayılmamalıdır. Əsas sülh müqaviləsinin bağlanması istiqamətində addımların yekunlaşmasıdır. Ancaq hələlik bu barədə danışmaq tezdir. Dediyim kimi, ali məqsədə çatmaq üçün hansısa bir epizodlarda güzəştə getmək normal qarşılanmalıdır. Necə ki, bundan əvvəl azadlıqdan məhrum edilmiş dörd erməninin təhvil verilməsi də Azərbaycanın bir müəyyən prosesə fayda verəı biləcək jesti kimi qiymətləndirildi. Ali məqsədimizi əsas götürməliyik. Tez-tez bunu sperkulasiya eləməyə çalışanlar deyir ki, Xocalıda qətl törətmişlər…Əlbəttə, biz Xocalıda cinayət törətmiş bütün cinayətkarların cəzalanmasını təmin etməliyik və müəyyən qismini də təmin edirik. Amma Xocalının qisasını təkcə ayrı-ayrı şəxsləri məhkum etməklə almırıq, həm də torpağı azad etmək, abadlaşdırmaqla alırıq, almışıq. İndi Xocalıya yeni insanlar, orada yaşayanların övladları köçürsə, Xocalını görmədən ölmək istəməyənlərin orada məskunlaşması bizim həm də bu qisası almağımız deməkdir. Bir sözlə, məsələyə bir az geniş kontekstdə baxmaq lazımdır”.

Orxan

Gununsesi.info