Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-230, Kiçik Qafqazın çaylarında 160-310, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-100 faizini təşkil edir.
Bu barədə Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, yanvarın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 147 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Məntəqədə su sərfi saniyədə 53 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 14 santimetr azalıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə – Surrada 468, Şirvanda 377, Salyanda 331, Bankədə 251, Novruzlu məntəqəsində isə 188 santimetrdir.
Gununsesi.info