Argentina Prezidenti Xavyer Miley dövlət başçısının və onun hökumət üzvlərinin maaşlarının artırılması ilə bağlı qalmaqaldan sonra insan kapitalı nazirinin müavinini işdən çıxardığını bildirib.
Gununsesi.info bu barədə TASS-a istinadən xəbər verir.
“Mən əmək məsələləri üzrə nazir müavinini işdən çıxartdım. İndi nazirə bu barədə məlumat verilir. Onu etməməli olduğu səhvə görə işdən çıxardım”, – Miley “LN+” telekanalına açıqlamasında deyib.
Dövlət başçısının sözlərinə görə, o, artıq maaş artımının ləğvi ilə bağlı sərəncam imzalayıb. “Gələn ay bu artım ödənişlərindən çıxılacaq”, – Miley bildirib.
Xatırladaq ki, martın 9-da müxalifətdən olan deputat Viktoriya Tolosa Pas “X” sosial şəbəkəsində yanvar-fevral aylarında prezident və hökumət nazirlərinin maaşlarının 48 % artdığını xəbər verib. Deputatın sözlərinə görə, dövlət başçısı ayda 6 milyon peso (6,7 min ABŞ dolları) almağa başlayıb.
Bundan sonra Miley “X”də yazıb ki, artımlar barədə xəbəri yox idi və onu dərhal ləğv edəcək.
Gununsesi.info