Arif Əsgərovun qohumu yenidən axtarışa veriləcək - ƏGƏR BİR DAHA MƏHKƏMƏYƏ GƏLMƏSƏ...

  • By admin
  • 02 Fevral 2018 12:20

2017-ci ilin fevralında Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilənə qədər nazir müavini, ondan əvvəl isə (2004-2015-ci illərdə) “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri olmuş Arif Əsgərovun baldızı oğlu Emil Hüseynov xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, bir neçə milyonluq dələduzluqda təqsirləndirilir.

Gununsesi.info xəbər verir ki, E.Hüseynov hazırda ev dustaqlığındadır və məhkəməyə evindən gedib-gəlirdi. Amma ötən məhkəmə iclasına gəlməmişdi. Buna görə də işə baxan hakim Zeynal Ağayev onun barəsində məcburi gətirilmə qərarı çıxarmışdı.

XƏSTƏXANAYA YERLƏŞDİRİLİB…

Fevralın 2-də keçirilən məhkəmədə məlum olub ki, E.Hüseynov yenə gəlməyib. Onun vəkili məhkəməyə sənəd təqdim edib ki, müvəkkili xəstəxanaya yerləşdirilib, bu üzdən iştirak eləyə bilmir.

Hakim sənədə baxıb və ciddi xəstəlikdən söhbət getmədiyini deyib. Vəkilləri bildirib ki, E.Hüseynov fevralın 6-da xəstəxanadan çıxacaq.

Zərərçəkmiş tərəf isə bundan narazı qalıb. Onlar deyiblər ki, bütün bunlar məhkəmə prosesini süni şəkildə uzatmaq məqsədi ilə edilir.

Hakim E.Hüseynovun vəkillərinə xəbərdarlıq edib ki, əgər fevralın 8-nə təyin olunan növbəti məhkəmə iclasına da gəlməsə, onun barəsində axtarış qərarı çıxarılacaq.

Bu cinayət işində sabiq nazir müavininin öz oğlu Elnar Əsgərovun da adı hallanır. Zərərçəkmişlərin bir neçəsi pullarının alınıb qaytarılmamasına görə onu günahlandırır. Pulu birbaşa ona verdiyini deyənlər də var. Bu səbəbdən Elnar Əsgərovu bir neçə dəfə istintaqda dindiriblər, həmçinin məhkəmədə də ifadə verib.

E.Əsgərov məhkəmədə dindiriləndə onunla həm zərərçəkmişlər, həm də xalası oğıu arasında gərginlik yaşanıb. Sabiq nazir müavininin oğlu zərərçəkmişlərin yalan danışdığını, kimsədən pul almadığını, bütün günahın xalası oğlunda olduğunu deyib. E.Hüseynov isə əksinə, onu günahlandırıb, bildirib ki, zərərçəkmişlərdən aldığı pulların bir çoxunu keçmiş nazir müavininin oğluna verib.

Nə baş verib?

İttihama görə, təqsirləndirilən E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

E.Hüseynov 2016-cı ilin dekabr ayında “İnterpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib. Həbsdə olarkən vəkili onun ev dustaqlığına buraxılması üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. Vəsatət təmin olunub.

Qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həns edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynov 48 milyon manatlıq dələduzluqda ittiham olunur.

Gülər

Gununsesi.info