Arif Hacılı: Oğlum və gəlinim ABŞ-da saxlanılıb, araşdırmadan sonra sərbəst buraxılıblar

  • Müəllif: Orxan
  • 24 Sentyabr 2026 16:44

Müsavat Partiyasının keçmiş başqanı Arif Hacılı ailə üzvlərinə qarşı təzyiq və qarayaxma kampaniyasının davam etdiyini bildirib.

Gununsesi.infonun xəbərinə görə, Hacılı yaydığı açıqlamada oğlunun və gəlininin ABŞ-da saxlanılması ilə bağlı yayılan məlumatların təhrif edildiyini və həqiqəti əks etdirmədiyini deyib.

Onun sözlərinə görə, ABŞ-da fəaliyyət göstərən ICE qurumunun miqrantlara qarşı keçirdiyi genişmiqyaslı reydlərdən biri zamanı oğlu və gəlini də saxlanılıb.

“Müəyyən sorğu-sual və araşdırmalardan sonra onların hər ikisi sərbəst buraxılıb”, – deyə Hacılı bildirib.

Müsavat Partiyasının onun oğlu və digər ailə üzvləri ilə bağlı hər hansı müdafiə sənədi verməsi və ya partiya adından hər hansı quruma müraciət etməsi barədə yayılan iddialara da münasibət bildirən Hacılı belə bir halın olmadığını vurğulayıb.

“Daha irəli gedən nəticələr çıxaranlara da bildirməliyəm ki, Müsavat Partiyası tərəfindən nə oğlum, nə də ailəmin digər üzvləri üçün heç vaxt hər hansı müdafiə sənədi verilməyib və heç bir quruma Müsavat Partiyası adından müraciət edilməyib”, – deyə o qeyd edib.

Hacılı bunu Azərbaycanda onun və ailə üzvlərinin illər ərzində təzyiq və təqiblərə məruz qalması ilə bağlı açıq mənbələrdə kifayət qədər məlumatın olması ilə əlaqələndirib.

O bildirib ki, müxtəlif illərdə internet resurslarında və beynəlxalq media orqanlarında onun və ailə üzvlərinin üzləşdiyi təzyiqlərlə bağlı çoxsaylı məlumatlar dərc olunub, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları mövcuddur.

Hacılı əlavə edib ki, onun ailəsinə qarşı təzyiqləri göstərmək üçün hər hansı məlumatın uydurulmasına ehtiyac yoxdur və bunu onun haqqında yazan şəxslərin də bildiyini düşünür.

Elmar

Gununsesi.info