Arif Hacılı:”Oğlum 3 həftədir həbsdədir, amma “zərərçəkən” ortalıqda yoxdur”

  • By ilhame
  • 18 Noyabr 2023 22:46

Müsavat başqanı Arif Hacılı oğlunun həbsi haqqında yazıb.

Gununsesi.info Müsavat liderinin sosial şəbəkə hesabında yazdığı qeydləri təqdim edir:

Yol qəzası hadisəsinin üzərindən bir aydan çox vaxt keçib. Hələ də zərərçəkənin kim olduğu gizli saxlanır. Əvvəl yaydıqları görüntüdə olan sürücünü zərərçəkən, xəsarət alan kimi təqdim etmək istədilər. Alınmadı. Şikayətçi olmadı. Müayinədən keçib xəsarət almadığı barədə həkim sənədləri var idi.
O zaman, üzərindən 17 gün keçəndən sonra başqa “zərərçəkən” tapdılar. Guya yol kənarında park edilən avtomobillərin arasında oturubmuş (gecə saat 00-50 də!). Qəza olanda ikinci avtomobil üçüncü avtomobilə dəyib o da ona toxunaraq xəsarət yetirib.

Bilirsiz oturubmuş versiyası nə üçündür? Çünki, hətta özlərinin yaydıqları videoda da görünür ki, orada heç kəs yoxdur.
Əslində hətta otursa da görünərdi.

Zədələnib, amma toqquşan maşınların heç birinin sürücüsünə, oraya toplaşan onlarla adama yanaşmadan evə gedib. Sonra da həkimə. Ona az ağır xəsarət aldığı diaqnozunu qoyub yenə evinə göndəriblər…

Yenə deyirəm hadisədən bir aydan çox vaxt keçib. Bu günədək “zərərçəkən” gizli saxlanılır. Kimliyi bizə bəlli deyil. Verilən rəsmi vəsatətlər də cavabsız qalır. Halbuki, Azərbaycan qanunlarına görə hətta zərərçəkən varsa, hətta o ağır xəsarət alıbsa qəza ilə bağlı qarşılıqlı razılıq, barışıq əldə olunursa nəinki kimsə həbs edilmir, hətta cinayət işi qaldırılmır.

Hələ qəzada kimin günahkar olduğu bəlli olmadan, zərərçəkənin kimliyi belə elan edilmədən oğlum Orxan 3 həftədir ki, təqsirsiz yerə həbsdədir.
Belə ittihamla bu cür həbs etmə hətta Azərbaycan hüquq mühafizə sistemi üçün qeyri-adi hadisədir.
Təcrübəli hüquqşünasların dediyinə görə avtoqəzada xəsarətə görə kimsəyə həbs cəzası verilməsi Azərbaycan təcrübəsində bir ilkdir.

Gununsesi.info