Arıqlamağın 4 qızıl qaydası -tanınmış diyetoloq

  • By admin
  • 28 İyul 2022 20:56

Maykl Mosli Hollivud ulduzları da daxil olmaqla minlərlə insana arıqlamağa kömək edən 5:2 arıqlama sisteminin müəllifi, tanınmış diyetoloq və yazıçıdır.

Gununsesi.info xəbər verir ki, həkim “MailOnline” üçün son köşə yazısında öz sisteminin dörd universal prinsipindən bəhs edib. Bu prinsiplər arıqlamaq və ya çəkisini stabil saxlamaq istəyənlər üçün bələdçi ola bilər.

Zərərli yeməklərdən qurtulun

Artıq çəkidən xilas olmağa qərar verənlər üçün Mosli bütün zərərli yeməkləri evdən çıxarmağı tövsiyə edir. Arıqlayanların mətbəx şkaflarında, soyuducularında çips, zərərli şirniyyat, xəmir və digər faydasız kalorilərə yer yoxdur. Maykl köşəsində yazır ki, ən birinci ətrafınızda sağlam qidalanmağı asanlaşdıran bir mühit yaratmalısınız.

Gündəlik tutun

Doktor Mosli gün ərzində yediyiniz hər şeyi – kağıza, telefonunuzdakı qeydlərə və ya xüsusi proqrama yazmağı tövsiyə edir. Bu yolla yediyiniz kalori miqdarına nəzarət edə bilərsiniz. Ekspertin fikrincə, nəticəni görmək, motivasiya əldə etmək və rasionu düzəltmək üçün mütəmadi olaraq həm də çəkinizi ölçməlisiniz.

Daha çox hərəkət edin

Həkimin sözlərinə göər, arıqlamaq üçün idman zalına getmək lazım deyil. İstənilən məşğuliyyət növü idmanı əvəz edə bilər, müntəzəm gəzinti, ev işləri, səhər yüngül gimnastikası və.s. Əsas odur ki, hərəkətsiz həyat tərzindən uzaq olun.

Sağlam düşüncəli və sağlam həyat tərzi sürən insanlarla dostluq edin

Doktor Mosli hesab edir ki, tək arıqlamaq o qədər də asan deyil. O, sizinlə həmfikir olan, sağlam qidalanan, bədəninin qayğısına qalan insanlar tapmağı məsləhət görür. Beləliklə, daha çox motivasiya olacaq və dəstək alacaqsınız, həm də öz məsuliyyətinizi hiss edəcəksiniz. Bu gün arıqlamağa çalışan qrupları sosial şəbəkələrdə tapmaq çox asandır.

Gununsesi.info