Artıq Üçüncü dünya müharibəsi gedir - politoloq

 t1_6

 

Bu gün Varşavada NATO-nun növbəti sammiti işinə başlayıb. Və demək olar ki, dünyanın diqqəti bu gün Varşavaya yönəlib. Orada dünyanı narahat edən ciddi təhdidlər və çağırışlar müzakirə predmeti olacaq. Bütün bunları nəzərə alaraq Varşavada NATO-nun sammiti və toplantıdan gözləntiləri, eyni zamanda, dünyada hərbi-siyasi vəziyyətlə bağlı məsələləri, Rusiya-NATO arasında toqquşmaları aydınlaşdırmaq məqsədi ilə politoloq Tofiq Abbasova müraciət etdik.

Sizə politoloq Tofiq Abbasovun Gununsesi.info-ya müsahibəsini təqdim edirik.

 -Tofiq bəy, Varşavada dünyada çox gərgin hərbi-siyasi münasibətlər və toqquşmalar fonunda NATO-nun növbəti sammiti öz işinə başlayıb. Məhz bu səbəbdən də sammitdə müzakirəyə çıxarılacaq məsələlər və qəbul olunacaq qərarlar dünyanı ciddi düşündürür. Sizin bununla bağlı mövqeyinizi bilmək istərdik.

-Mənim düşüncəmə görə, bu gün bir sıra məsələlər həddən artq şişirdilmiş formada, siyasi və psixoloji təzyiqlər formasında özünü biruzə verir. Olmayan təhdidlər məqsədyönlü şəkildə bir qədər şişirdilir. NATO rəhbərliyi buna Rusiyanın Ukrayna siyasətini əsas dəlil kimi gətirirlər. NATO rəhbərliyi bununla da Rusiyanın dünyaya təhlükə olduğunu göstərməyə çalışır. NATO və ABŞ hesab edir ki, əgər Rusiya Ukraynanın bir hissəsini özünə birləşdiribsə və ardınca da ölkənin cənub-şərqində iki bölgədə separatçı rejim yaradaraq ona dəstək verirsə, deməli, Kreml dünyanın digər ölkələrində də belə addımlar ata bilər. Xüsusən də Şərqi Avropa, Baltik ölkələri və Polşa belə təhlükələrlə üzləşə bilər. Əslində bu məqsədyönlü şəkildə həyata keçirilir. NATO bu yolla Alyansın Şərq cinahında mövqelərini möhkəmləndirmək istəyir.

Məhz bu aparılan məqsədyönlü siyasi təbliğatın və fəaliyyətin nəticəsi olaraq NATO Baltik və Polşada 4 batalyon yerləşdirəcək. Bununla da NATO Rusiya ilə sərhəddində mövqelərini möhkəmləndirmiş olacaq. İndiyədək apardığı təbliğat da məhz burada mövqeyinin möhkəmlənməsi üçün bir normativ baza yaratmağa xidmət edirdi. NATO və ABŞ rəhbərliyinin bu yöndəki siyasəti davam edir və təbii ki, bu da Rusiyanın heç də xoşuna getmir. Buna adekvat olaraq Kreml bəyan edir ki, Rusiya da buna müvafiq olaraq öz adekvat addımlarını atacaq.

 -Son dövrlərdə Üçüncü dünya müharibəsi bir sıra politoloqların leksikonunundan düşmür. Siz necə düşünürsünüz?

-Əgər Rusiya- NATO arasındakı gərginlik dərinləşərsə və hansısa təxribatlar baş verərsə, bunlar müharibəyə yol aça bilər. Ancaq buna o qədər də inanmıram. Belə bir hadisə baş verərsə, o zaman dünyanın nizamı pozula və bu, böyük fəsadlarla yol aça bilər. Həmçinin, müharibənin arealı çox geniş məsafləri əhatə edə bilər. Ona görə də genişmiqyaslı Üçüncü dünya müharibəsinin başlanacağına inanmıram.

 -Sözlərinizdən belə çıxır ki, əslində bu müharibə gedir, ancaq onun arealı kiçikdır. Bir də ki, Qərb analitikləri özləri belə bir müharibəni istisna etmirlər və işartıların artıq mövcud olduğunu da açıqcasına dilə gətirirlər…

-Bəli. Bunun işartıları var və belə demək mümkünsə, artıq Üçüncü dünya müharibəsi gedir. Bu, yenilik deyil. Elə dünyadakı hibrid müharibələr, substantiv müharibələr, miqrant problemi Üçüncü dünya müharibəsinin tərkib hissəsidir…

 -Sizcə, NATO və Rusiya təyyarələrinin Alyansla sərhəd bölgədə bir-birlərinə çox yaxın məsafədə uçması və ya rus təyyarələrinin Baltikdə gəmilərin üzərindən təhlükəli uçuşlar etməsi nəyə gətirib çıxara bilər. Bu açıq toqquşmaya səbəb ola bilərmi?

-Düzdür, rus təyyarələri Baltik dənizində bir sıra çox təhlükəli uçuşlar həyata keçiriblər ki, az qala bunlar toqquşma ilə nəticələnsin. Amma xoşbəxtlikdən hansısa ciddi insidentlər yaşanmayıb. Təbii ki, bu hərəkətləri mən tərəflərin bir-birinə psixoloji təzyiqi kimi qiymətləndirirəm. Bu hadisələr bir daha göstərir ki, tərəflər arasında münasibətlər kifayət qədər gərgindir. Ancaq burada da digər bir məqam var. Belə bir vəziyyətin yaranması hərbi-siyasi dairələrin marağına xidmət edir və onlar vəziyyəti daha da gərginləşdirməkdə maraqlıdırlar. Hərbi- siyasi dairələr bu yolla öz büdcələrini və xərclərini artırmağa çalışırlar.

-Yenə qayıdaq NATO-nun sammitinə… Sammitdən nə gözləmək olar, hansı qərarlar qəbul oluna bilər?

-Sammit təbii olaraq ABŞ-ın baxışlarına uyğun formada və onun təsiri altında keçəcək. Baxmayaraq ki, bəzi Avropa ölkələri sammitin ABŞ-ın nəzarəti və onun düşüncəsinə uyğun olaraq reallaşmasını istəmirlər. Hətta, Almaniya kansleri Angela Merkel ABŞ-ın siyasətinə qarşı çıxaraq bəyan edib ki, sammitdə Rusiya amili şişirdilməməlidir. Bizim qlobal təhlükəziliklə bağlı planlarımız Rusiyaya qarşı yönəlməyib. Əksinə, biz qlobal təhlükəsizlik problemlərini Rusiya ilə birgə çözməyə çalışırıq. Düzdür, onun bu bəyanatı ABŞ rəhbərliyi və NATO-nu idarə edən digər zümrələr tərəfindən necə qarşılanacaq, bu, başqa məsələdir, ancaq burada görünən odur ki, Avropa artıq Rusiyadan ehtiyat edir və bu da göz qabağındadır.

Çünki Avropa Rusiyaya coğrafi baxımdan yaxındır və həmsərhəddir. O baxımdan da münasibətləri gərginləşdirmək və onu dərinləşdirməkdə maraqlı deyil. Onlar yaxşı anlayır ki, hər hanqğsı qeyri-adi hadisə baş verərsə, o zaman ilk dağıdıcı zərbə Avropaya dəyəcək. Və bundan əziyyət çəkən Avropa olacaq. Necə ki, artıq Avropa belə bir qarşıdurmanın acısını çəkməkdədir. Xüsusən də,Ukrayna hadisəsindən sonra. Ona görə də avropalılar Rusiya ilə ehtiyatlı davranmağa çalışır. Onlar Rusiyanın necə dağıdıcı gücə malik olduqlarını yaxşı anlayırlar. Ancaq sammitdə qərarlarla gəldikdə indidən demək bir az çətindir.

M.Bünyadlı