Arvadını bu səbəbdən öldürdü - Goranboydakı qətlin təfərrüatı

  • By admin
  • 25 Mart 2022 14:28

Goranboy rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, hadisə uşaq üstə baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov bir il əvvəl həyat yoldaşı Əfsanə Məmmədovadan ayrılsa da, rəsmi boşanmayıb. Cütlüyün birgə nikahdan iki oğlu, bir qızı var. Ə.Məmmədova bir il əvvəl uşaqları ilə birlikdə Goranboy rayonunun Dəliməmmədli kəndinə, atasının evinə gəlib. Ayrı qaldıqları müddətdə M.Süleymanov bir neçə dəfə həmin kəndə gələrək uşaqları ilə görüşüb.

Məlumata görə, M.Süleymanov Novruz bayramı ilə əlaqədar uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Ə.Məmmədova buna etiraz edib və uşaqların atası ilə getməsini istəməyib.

Martın 23-də M.Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib.

Martın 24-də M.Süleymanov yenidən kəndə gəlib uşaqlarını istəyib. Ə.Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün günorta radələrində Ə.Məmmədova Dəliməmmədli kəndində atasının evindən çıxarkən qəfil M.Süleymanovla rastlaşıb. M.Süleymanov ondan uşaqlarının yerini soruşanda Ə.Məmmədova ona rədd cavabı verib və aralarında mübahisə yaranıb. Qadın M.Süleymanovdan ayrılaraq qaçmağa başlayıb.

M.Süleymanov isə dərhal idarə etdiyi “Land Rover” markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub. Hadisə nəticəsində Ə.Məmmədova ağır xəsarətlər alıb, lakin M.Süleymanov bununla sakitləşməyib. O avtomobilində olan bıçaqla qadına bir neçə zərbə endirərək qətlə yetirib.

Məlumata görə, hadisəni törədən M.Süleymanov Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mehmanın Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət obyektləri var.

Gununsesi.info